Feilin qrammatik məna növləri

Feilin qrammatik məna növləri danışan şəxsin (iş görənin – subyektin) üzərində iş görülən əşya ilə qarşılıqlı münasibətini bildirir. Burad subyektin məlum olub-olmaması, işin subyektin öz üzərində görülməsi qarşılıqlı-birgə şəkildə yerinə yetirilməsi əsas götürülür. Bu baxımdan feilin aşağıdakı qrammatik məna nöxləri var: məlum növ, qayıdış növ, qarşılıq-birgəlik növ, icbar növ, məchul növ.

Məlum növ

Bu növdə iş görən məlum olur. Məlum növün xüsusi şəkilçisi yoxdur. Məlum növ feillərdə iş görənin məlum olması ön plandadır. Məlum növdə olan feillər həm təsirli, həm də təsirsiz olur. Məsələn: Uşağı (kimi?) çağır. Məktubu (nəyi?) yazdım (təsirli). Evə (hara?) gedirsən. Kitaba (nəyə?) bax. Bağda (harada?) dincəlirik (təsizrsiz). Feilin məlum növü quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilər. Digər növlər isə ya düzəltmə, ya da mürəkkəb olur.

Qayidiş növ

Bu növdə də iş görən məlum olur, lakin iş subyektin öz üzərində görülür. Qayidiş növ feillər, əsasən, -il4,     -in4 (-n) şəkilçiləri vasitəsi ilə düzəlir. Məsələn: Gül aç+ıl+dı. Duman çək+il+ir. Uşaq yu+yun+ur. Qadın dara+n+ır və s.
Qayidiş növ feillər, bir qayda olaraq, təsirli feillərdən düzəlir, təsirsiz olur. Məsələn: çəkmək (nəyi?) – cək+il+mək (haraya?). Düşmən geriyə çək+il+ir. Döymək (nəyi?) – döy+ün+mək (harada?). Sinəmdə qəlbim döyünür və s.
Təsirli feillərdan düzəlib təsirli olaraq qalan geyinməksoyunmaq feilləri də qayıdış növdədir. Qızınmaq, durulmaq feilləri isə təsirsiz feildən yaranmış qayıdış növ feillərdir.

Qarşılıq-birgəlik növ

Bu növ feillər iş və hərəkətin ya qarşı-qarşıya, ya da birgə icrasını bildirir. Qarşılıq-birgəlik növdə olan feillər –ış4, () şəkilçisi ilə düzəlir. Məsəslən: Biz yaz+ış+ır+ıq, gör+uş+ur+ük. Quzular mələ+ş+ir. Qarşılıq bildirən feillər, əsasən, təsirli feillərdən düzəlir və təsirsiz olur. Məsələn:  Biz vur+uş+ur+uq. Qoçlar döy+üş+ür və s.
Birgəlik bildirən feillər isə, əsasən, təsizrsiz feillərdən düzəlir və təsirsiz olaraq qalır. Məsələn: Uşaqlar gül+üş+ur, ağla+ş+ır və s.
Qarşılıq-birgəlik növlü feillərə bənzəyən yarışmaq, güləşmək, barışmaq, çalışmaq, alışmaq, qarışmaq, sözləşmək, məsləhətləşmək kimi feillərdə  məna olsa da, qarşılıq-birgəlik növün şəkilçisi işlənmədiyindən həmin feillər məlum növ sayılır.
Yığışmaq, toplaşmaq feilləri təsirıi feildən yaransa da, birgəlik, baxışmaq feili isə təsirsiz feildən düzəlsə də, qarşılıq növdədir.

İcbar növ

İcbar növ feillərdə iş və hərəkət danışan (və ya haqqında danışılan) şəxs yox, başqası icra edir. Bu növ feillərə -dır4, bəzən də -t şəkilçisini artırmaqla düzəlir. Məsələn: Məktubu yaz+dır+dım. Çəkməni sil+dir+ər+sən. Otağı döşə+t, bəzə+t. Məktubu oxu+t və s. Bu şəkilçilər təsirsiz feillərə qoşulduqda icbar növ yox, təsirsiz feildən təsirli feil düzəlir. Məsələn: Biz onu inan+dır+dı+q. (İşi görən bizik). Mən uşağı gül+dür+dü+m. (İşi görən mənəm). O, məni kiməsə oxşa+t+dı (İşi görən məlumdur+odur) və s. Belə feillərdən icbar növ düzəltmək üçün onlara yenidən icbar növün şəkilçisini artırmaq lazımdır. Məsələn: Uşağı gül+dür+t. Onu yerində otur+t+dur və s.
İcbar növ feilin yeganə növüdür ki, bir qayda olaraq, təsirli feillərdan düzəlir və təsirli olaraq qalır.

Məchul növ

Bu növ feillərda iş görən qrammatik cəhətdən məlum olmur. Məchul növ feillər təsirli feillərə -ıl4, -ın4    (-n) şəkilçilərini artırmaqla düzəlir. Məsələn: Məktub yaz+ıl+dı. İp çək+il+di. Çadır qur+ul+du. İş görüldü. Zəng çal+ın+dı. Kitab oxu+n+du. Döşəmə sal+ın+dı və s.
Məchul növ feillər də, əsasən, təsirsiz olur. Məsələn: Ağac əkildi. Qapı döyüldü. Pay bölündü və s.
Məchul növ feillər də qayıdış növ feillər kimi –ıl4-ın4 şəkilçiləri ilə düzəldiyi üçün ona oxşayir. Lakin məchul növdə iş görən məlum olmur, qayıdış növdə isə iş görən məlumdur. Məsələn: Oaq bəzəndl (məchul növ). Qız bəzəndi (qayıdış növ): Yun darandı (məchul növ). Qız darandı (qayıdış növ). Top meydana atıldı (məchul növ), Əsgər irəli atıldı (qayidiş növ) və s.
Bir neçə feil məchul növdə -ıl4, qayidiş növdə isə –ın4 səkilçisini qəbul edir. Məsələn: Qapı döyüldü (məchul növ). Qəlbim döyündü (qayıdış növ). Paltar yuyuldu (məchul növ). Uşaq yuyundu (qayıdış növ). İş görüldü (məchul növ). Anar göründü (qayıdış növ) və s.
-ıl4-ın4 şəkilçiləri iki növün (qayıdış və məchul növ) düzəlməsində iştirak etdiyi üçün omonim şəkilçilərdir.

Qeyd: Feilin qrammatik məna növlərində şəkilçi ilə mənanın vəhdəti vacib məsələlərdən biridir. Məsələn: Rəfiqələr bir-birini qucaqladılar cümləsində feil mənaca qarşılıq növə bənzəsə də, əslində məlum növdədir. Cünki qucaqladılar feilində qarşılıq növün mənası olsa sa, şəkilçisi yoxdur. Yaxud bildirmək feili təsirli feilə      -dir şəkilçisi artırmaqla düzəlsə də, bu feildə icbar növün mənası yoxdur. Deməli, bu feil də məlum növdədir.  

 

 

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir