Budaq cümlələrin növləri, mübtəda, tamamlıq, şərt, qarşılıq-güzəşt budaq cümləsi, digərləri

Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr

Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab verir.

Şərt budaq cümləsi, əsasən, baş cümlədən əvvəl gəlir və ona indi ki, madam ki, əgər, hərgah bağlayıcıları və -sa2 şəkilçisi ilə bağlanır. Məsələn: Atan gəlsə, əminə zəng et. Yağış yağsa, məhsul bol olar. Əgər yaxşı oxusan, əlaçı olarsan.

Şərt budaq cümləsi bəzən baş cümlədən sonra gələrək, ona ki bağlayıcısı ilə bağlanır. Bu halda baş cümlədə bu şərtlə, bir şərtlə, o şərtlə qəlib sözləri işlənir.

Şərt budaq cümləsi bəzən baş cümləyə yalnız intonasiyanın köməyi ilə də bağlanır. Məsələn: Bir gün azdır, iki gün qal!

Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr də sadə cümləyə çevrilir.

Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələr

Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin məzmunu bir-biri ilə qarşılaşdırılır. Budaq cümlə baş cümlədən əvvəl gəlir, ona -sa2 şəkilçisi və da, də ədatları və ya nə qədər bağlayıcı sözü ilə bağlanır. Məsələn: Nə qədər yalvarsaq da, qonaq yeməyə oturmadı. Qız girsə də, havalar xoş keçirdi. Bu mənim üçün nə qədər ağır olsa da, onu bağışlamaliyam.

Qarşılıq-güzəşt budaq cümləsi baş cümləyə hərçənd, düzdür, doğrudur bağlayıcıları ilə də bağlanır. Bu halda baş cümlədə qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin) işlənir.

Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələri baxmayaraq, halda sözlərin köməyi ilə sadə cümləyə çevirmək mümkündür.

Qeyd: O birinci dəfə gəlirdi, amma sanki buralara çox yaxşı bələd idi tipli həmcins xəbərli sadə cümlələrin və Həsən yaxşı oxuyurdu, amma o, tez həyəcanlanırdı formasında olan qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümləlırin qarşısına düzdür, doğrudur, doğrusu, düzü, hərçənd, hərçənd ki sözlərini artırsaq, qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələr alınır. 

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir