Zərflik və zərfliyin məna növləri

 

Cümlənin ikinci dərəcəli üzvü – Zərflik

Zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür.
Zərfliklər, əsasən, cümlənin feili xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır.

Məsələn: Şagirdlər imtahanlara ciddi hazırlaşırlar. Uşaqlar həyətdə oynayırlar. Axşam bizə gələrsən. Əsgərlər irəli cumdular. Xəstə olduğu üçün uşağın rəngi sapsarı idi və s. Bu cümlələrdəki ciddi zərfliyi işin icra tərzini, həyətdə irəli zərflikləri iş və hərəkətin icra olunduğu yeri, axşam zərfliyi iş və hərəkətin icra zamanını bildirir. 

Bu zərfliklərin hamısı feili xəbərə aiddir. Sonuncu cümlədəki xəstə olduğu üçün zərfliyi isə əlamətin yaranma səbəbini bildirir və ismi xəbərə aiddir.

Zərflik daha çox zərflərlə ifadə olunur.
Məsələn: Uşaq bərk yatmışdı. Mən onu çoxdan tanıyıram. Qoca ehtiyatla yeriyirdi və s.

İsim, feili bağlama və qoşmalarla işlənən məsdər də cümlədə zərflik olur.

Zərflik quruluşca sadə və mürəkkəb olur.

Nitq hissələri ilə ifadə olunan zərfliklər sadə, ismi birləşmələr və feili bağlama tərkibləri ilə ifadə olunan zərfliklər isə mürəkkəb olur.

Zərfliyin məna növləri

Zərfliyin aşağıdakı məna növləri var:
1. Tərzi-hərəkət zərfliyi. İşin, hərəkətin və əlamətin icra tərzini bildirir, necə?, nə cür? suallarından birinə cavab verir.

Tərzi-hərəkət zərfləri, feili bağlama, feili bağlama tərkibləri , qoşmalı söz və söz birləşmələri ilə ifadə olunur. Məsələn: Əsgərlərimiz qəhrəmancasına vuruşur. Qapı taybatay açıldı. Düşünmədən danışma. Ana qayğılı halda dedi.

Təyin ilə tərzi-hərəkət zərfliyini bir-birindən fərqləndirmək üçün onların hansı cümlə üzvünə aid olduğuna fikir vermək lazımdır. Təyin həmişə isimlə ifadə olunan üzvləri izah edir. Tərzi-hərəkət zərfliyi isə feili xəbərlə bağlı olur.

Qeyd: Su buz kimi soyuq idi cümləsindəki buz kimi qoşmalı sözü ismi xəbərə (soyuq idi) aid olsa da, təyin yox, zərflik hesab edilir. Belə ki, təyin isim və ya isimləşmiş sözlərlə ifadə olunan üzvlərə aid olduğu halda, bu nümunədəki ismi xəbər adi sifətdir. Buna görə də buz kimi cümlənin tərzi-hərəkət zərfliyidir.

2. Zaman zərfliyi. İş və hərtəkətin, hadisənin zamanını bildirir, nə vaxt?, nə zaman?, haçan? suallarında birinə cavab verir.
Zaman zərfləri, zaman mənalı isimlər, feili bağlama tərkibləri, qoşmalı sözlər və ismi birləşmələrlə ifadə olunur. Məsələn: İndi hər kəs öz bacarığını göstərməlidir. Dünən səhərdən yağış yağır. Tənəffüsdə müdirin yanına get. Onu görəndə ürəkdən sevinirəm və s.

3. Yer zərfliyi. İş və hərəkətin icra olunduğu yeri, istiqamətin, başlanğıc bə bitmə nöqtəsini bildirir, hara?, haraya?, harada?, haradan? suallarından birinə cavab verir.
Yer zərfləri, yer mənalı isimlər, qoşmalı söz və birləşmələr və ismi birləşmələrlə ifadə olunur. Məsələn: Yuxarıdan evimiz görünür. Evə tələsirəm. Oradan aşağa düş və s.

4. Kəmiyyət zərfliyi. İş və hərəkətin nə qədər icra olunduğunu bildirir, nə qədər?, bəzən də nə dərəcədə? sualına cavab verir.
Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunur: Dünən mən sizi çox gözlədim. Bu gün az işlədik. bu sözü mən sizə dəfələrlə demişəm və s.

Kəmiyyət zərfliyi sifətlə ifadə olunan ismi xəbərə də aid olur: O, hədsiz dərəcədə sevincli idi.

5. Səbəb zərfliyi. İş, hərəkət və ya əlamətin səbəbini bildirir, niyə?, nə üçün?, nə səbəbb? suallarına cavab verir.
Üçün, ötrü, görə qoşmaları ilə işlənən sözlər və birləşmələrlə, feili bağlama və feili bağlama tərkibləri, məsdərlər, ismi birləşmələr, sual əvəzlikləri və s. ilə ifadə olunur: Utandığından uşağın sifəti qızarmışdı. Nəqliyyat işləmədiyi üçün evdə oturmalı olduq. Bu gün niyə evdəsən? Düşmən qorxaraq geri çəkildi və s.

Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur.

6. Məqsəd zərfliyi.İş və hərəkətin məqsədini bildirir, niyə?, nədən ötrü?, nəyə görə?, nə məqsədlə? suallarına cavab verir.
Üçün, ötrü qoşmaları ilə işlənən isim, məsdər və məsdər tərkibləri, sual əvəzlikləri, ismi birləşmələr və s. ilə ifadə olunur: Tədqiqatçı Qarabağa bu yerlərin təbiətini öyrənmək üçün gəlmişdir. Vətəni qorumaq üçün vətənpərvər övladlar yetişdirməliyik. Uşaq dincəlmək üçün bağa getdi və s.

Məqsəd zərfliyi səbəb zərfliyinə oxşasa da, məna çalarına görə ondan fərqlənir. Səbəb zərfliyinin ifadə etdiyi iş, qeyd olunduğu kimi, xəbərdəki işdən əvvələ aid olur. Məqsəd zərfliyində isə əksinədir: Onun ifadə etdiyi iş xəbərdəki işdən sonraya aid olur. Bundan əlavə, məqsəd zərfliyinə nə məqsədlə? sualını vermək mümkün olduğu halda, səbəb zərfliyinə nu sualı vermək düzgün olmur. Bu fərqi aşağıdakı iki nümunədə aydın görmək olar:
1. O, şəhərdə darıxdığı üçün kəndə getdi.
2. O, anasını görmək üçün kəndə getdi.

Birinci cümlədə səbəb zərfliyi, ikinci cümlədə isə məqsəd zərfliyi işlənmişdir. Səbəb zərfliyindəki iş (darıxmaq) xəbərdəki işdən (getmək) əvvəl baş verir. Bundan əlavə, birinci cümlədəki zərfliyə nə məqsədlə? sualını vermək düzgün olmaz, ikinci zərfliyə isə bu sualı vermək olar.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *