Zərflik budaq cümlələri

Zərflik budaq cümlələri baş cümlədəki hərəkəti müxtəlif cəhətdən izah edir və yuxarıda qeyd olunduğu kimi, bir neçə növə bölünür.

Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr

Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin necə icra olunduğunu bildirir və necə?, nə cür?  sualına cavab verir.
Budaq cümlənin bu növü baş cümlənin feili xəbərinə, bəzən də ismi xəbərinə aid olur və baş cümlədəki elə, belə işarə əvəzliklərini izah edir. Tərzi-hərəkət budaq cümləsi daha çox baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Elə yaz ki, hamı oxuya bilsin. İşini elə gör ki, tay-tuşdan geri qalma.

Tərzi-hərəkət budaq cümləsinin əvvəlində çox zaman elə bil, guya, sanki sözləri işlənir. Məsələn: Uşaq elə sevinirdi ki, sanki dünyanı ona bağışlamışdılar. Budaq cümlənin bu növü daha çox müqayisə məzmunu bildirir.

Tərzi-hərəkət budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir. Bu halda budaq cümlədə necə, necı ki bağlayıcı sözləri, baş cümlədə isə elə, eləcə də, o cür qarşılıq sözləri işlənir. Məsələn: Necə deyirsiniz, elə də edək. İşə necə həvəslə başlamışdı, eləcə də qurtardı.

Zaman budaq cümləli tabeli mürəkkəb cümlələr

Zaman budaq cümləsi baş cümlədəki hərəkətin zamanını bildirir və nə zaman?, nə vaxt?, haçan? suallarına cavab verir.
Zaman budaq cümləsi həm baş cümlədən sonra, həm də ondan əvvəl işlənir. Bu cümlədən sonra işləndikdə ona ki bağlayıcısı ilə bağlanır. Bu halda baş cümlədə o zaman, o vaxt, onda sözləri işlənir və budaq cümlənin köməyi ilə izah edilir.
Məsələn: Kəndə onda çatdıq ki, hava qaralmağa başladı. Birlik o zaman olur ki, hər kəs vətəni öz anası kimi sevir.

Zaman budaq cümləsi baş cümlədən əvvəl işləndikdə baş cümləyə o zaman ki, o gün ki, elə ki, nə vakt, nə qədər bağlayıcı sözləri ilə bağlanır. Bu halda baş cümlədə, adətən, onda qarşılıq sözü işlənir. Məsələn: Elə ki müdür kürsüyə qalxdı, hamı susdu. Nə zaman ki yığışıb kəndə gəldin, onda mən rahat nəfəs ala bilərəm. O gündən ki oğlundan ayrı düşüb, onu gülər üzlü görməmişik. Nə qədər ki gec deyil, bu yoldan dön.

Zaman budaq cümləsinin baş cümlədən əvvəl gələn növü baş cümləyə bəzən ki bağlayıcısı ilə də bağlanır. Məsələn: Evdən çıxmaq istəyirdim ki, qapı döyüldü. Film təzəcə başlamışdı ki, işıqlar söndü.

Yer budaq cümləli tabeli cümlələr

Yer budaq cümləsi baş cümlədəki hərəkətin icra olunduğu yeri bildirir və haraya?, harada?, haradan? suallarından birinə cavab verir.
Yer budaq cümləsi həmişə baş cümlədən əvvəl gəlir və ona yer anlayışı bildirən müxtəlif bağlayıcı sözlərlə (haraya, haraya ki, harada, harada ki, haradan, haradan ki, o yerı ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki, bir yerdən ki) bağlanır. Baş cümlədə isə bağlayıcı sözlərə uyğun olaraq oraya, orada, oradan qarşılıq sözləri işlənir və budaq cümlənin köməyi ilə izah edilir. Məsələn: Hara gedirəm, orada səni görürəm. Haraya desən, ora da gedəcəyəm. Bir yerə ki səni dəvət etməyiblər, ora getmə.

Baş cümlədəki qarşılıq sözlər bəzən işlənmir, lakin onları bərpa etmək mümkündür. Məsələn: Harada birlik var, dirilik də var (Harada birlik var, orada dirilik də var).

Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr

Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin (bəzən də əlamətin) miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsi də yer budaq cümləsi kimi, həmişə baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlərlə bağlanır. Budaq cümlədə nə qədər, hər nə qədər, nə qədər ki bağlayıcı sözləri; baş cümlədə isə onlara uyğun olaraq  o qədər, o qədər də, bir o qədər, bir elə qarşılıq sözləri işlənir. Budaq cümlə həmin qarşılıq sözləri izah edir, aydınlaşdırır. Məsələn: Nə qədər desən, o qədər oxuyaram. Yazda nə qədər işləmişdiksə, payızda iki o qədər işləməli olduq. Bu misallarda budaq cümlələr baş cümlədəki hərəkətin miqdarını bildirir.
Kəmiyyət budaq cümləsi bəzən baş cümlədəki əlamətin miqdarını bildirir. Məsələn: Dağ nə qədər sərin idisə, aran bir o qədər isti idi.
Göründüyü kimi, bu cümlədəki budaq cümlə baş cümlədəki əlamətin (aranın isti olmasının) miqdarını bildirir.

Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrdə bəzən baş cümlədə qarşılıq söz (o qədər) işlənmir, lakin təsəvvür edilir və onu bərpa etmək mümkündür.

Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr

Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir, niyə?, nə üçün?, nə səbəbə? suallarından birinə cavab verir.

Səbəb budaq cümləsi həmişə baş cümlədən sonra gəlir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Məsələn: Uşaq sevinirdi, çünki atası bu gün uzaq səfərdən qayıdırdı, Buranın havası sərindir, çünki dənizə yaxındır. Birinci nümunədə budaq cümlə baş cümlədəki hərəkətin səbəbini, sonuncu misalda isə əlamətin səbəbini bildirir.

Bu tipli cümlələrdə bəzən baş cümlədə ona görə, o səbəbə, ondan ötrü və s. əvəzlik qəlibləri işlənir. Məsələn: Sair ona görə fəxr edirdi ki, xalq ona ürəkdən inanır.
İstisna hallarda səbəb budaq cümləsi baş cümlədən əvvəl də gələ bilər. Məsələn: Həsən nə dedisə, Vaqif bərk əsəbləşdi.

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr

Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir, niyə?, nə üçün? nəyə görə?, nə məqsədlə? suallarından birinə cavab verir.
Məqsəd budaq cümləsi də səbəb budaq cümləsi kimi, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə, adətən, ona görə, ondan ötrü, o səbəbə əvəzlik-qəlibləri işlənir. Məqsəd budaq cümlələrinə aid nümunələr: Ana ona görə məktəbə gəlib ki, oğlunu kəndə aparsın. Bu zəhməti ondan ətrü çəkirik ki, gələcəkdə xoşbəxt yaşayaq. O səbəbə gəlmişəm ki, səni də özümüzlə evə aparım.

Məqsəd budaq cümləli trabeli mürəkkəb cümlələrin baş cümləsində qəlib söz işlənməyə də bilər. Məsələn: Kəndə xəbər göndərdi ki, onu gözləməsinlər.

Səbəb və məqsəd zərflikləri bir-birinə oxşadığı kimi, səbəb və məqsəd budaq cümlələri  də bir-birinə oxşayır. Budaq cümlənin bu iki növünü fərqləndirmək üçün ilk növbədə mənaya diqqət yetirmək lazımdır. Belə ki, səbəb budaq cümləsi səbəb məzmunu, məqsəd budaq cümləsi  isə məqsəd anlayışı bildirir Məlum olduğu kimi, məqsəd həmişə qarşıda durur, səbəb isə həmişə keçmişə aid olur.

Deməli, səbəb budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvələ aid olur. Məsələn: Uşaq sevinirdi, çünki sinifdə birinci olmuşdu. Göründüyü kimi, uşaq əvvəlcə oxuyub birinci olub, sonra isə bu səbəbə görə sevinirdi. Məqsəd budaq cümləsinin ifadə etdiyi iş isə baş cümlədəki işdən sonraya aid olur. Məsələn: Uşaq ciddi çalışırdı ki, sinifdə birinci olsun. Bu cümlədə isə uşağın qarşısına qoyduğu məqsəd ifadə olunub – o hələ qarşıdadır, yəni baş cümlədəki işdən sonraya aiddir.

Budaq cümlənin bu iki növünü aşağıdakı əlamətlərinə görə də fərqləndirmək olar:
1. Məqsəd budaq cümləsinə nə məqsədlə? sualını vermək olur, səbəb budaq cümləsinə isə bu sualı vermək düzgün deyil.
2. Səbəb budaq cümləsinin xəbəri feilin xəbər şəklində (müxtəlif zamanlarda), məqsəd budaq cümləsinin xəbəri isə daha çox feilin əmr şəklində (bəzən də arzu şəklində) olur.
3. Səbəb budaq cümləsi feili sifət tərkibi və qoşma şəklində, məqsəd budaq cümləsi isə məsdər tərkibi və qoşma şəklində sadələşir. Məsələn: yuxarıdakı iki cümləni belə sadələşdirmək olar: Uşaq sinifdə birinci olduğu üçün (nə səbəbə?) sevinirdi. Uşaq sinifdə birinci olmaq üçün (nə məqsədlə?) ciddi çalışırdı.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *