Zərfin mənaca növləri

Zərfin mənaca dörd növü vardır:
1. Tərzi-hərəkət zərfləri
2. Zaman zərfləri
3. Yer zərfləri
4. Miqdar zərfləri

Tərzi-hərəkət zərfi

Hərəkətin icra tərzini bildirir, necə?, nə cür?nə tərzdə? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə oturmuşdu. Qatar yavaş-yavaş tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəsarətlə vuruşurdular və s.

Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltməmürəkkəb olur.

Qeyd: Bəzi feili bağlamalar, qoşmalı sözlər cümlə daxilində tərzi-hərəkət zərfinin suallarına cavab verə bilir. Bunları fərqləndirmək üçün diqqətli olmaq lazımdır.
Məsələn: 1. Uşaq gülə-gülə danışırdı. Qatar dayanmadan irəliləyirdi cümlələrindəki fərqləndirilmiş sözlər tərzi-hərəkət zərfinin sualına cavab versə də, feili bağlamadır.
2. Qoca uşaq kimi sevinirdi cümləsində isə tərzi-hərəkət zərfi yox, qoşmalı isim işlənmişdir.

Zaman zərfi

Hərəkətin nə zaman icra olunduğunu bildirir, nə zaman? nə vaxt? haçan? suallarına cavab olur. Dilimizdə ən çox işlənən zaman zərfləri bunlardır: indi, hələ, yenə, bayaq, dünən, srağagün, səhər gecə, gündüz, axşam-səhər, həmişə, tez, gec-tez, əvvəl, sonra. Zaman zərflərininçoxu quruluşca sadədir.

Qeyd: Bəzi feili bağlamalar, qoşmalı sözlər cümlədə zamanzərfinin suallarına cavab verə bilir. Bu tipli nümunələrə diqqət yetirək.
Məsələn: 1. Anar gələndə mənə deyərsən. Fərrux universiteti bitirib kəndə qayıtdı cümlələrindəki fərqləndirilmiş sözlər zaman mənası bildirən feili bağlamadır.
2. Müstəqillik dövründən bəri Azərbaycan çox inkişaf edib. Dərsdən sonra parka getdik cümlələrindəki fərqləndirilmiş hissələr isə zaman zərfinin suallarına cavab verən qoşmalı sözlərdir. Bu sözlər cümlədə sintaktik cəhətdən zərflikdir, amma morfoloji baxımdan zərf deyil.

Yer zərfi

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. İçəri cavan bir oğlan daxil oldu və s.

Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, içəri, yuxarı, aşağı, yaxın,uzaq, bəri orta,sağa, sola, orada-burada və s.Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, oradan və s.

Yer zərflərinin çoxu quruluşca sadədir.

Yer zərfləri ilə yer-məkan mənalı isimləri qarışdırmaq olmaz. Biz meşəyə getdik. Bakı respublikamızın paytaxtıdır. Nənəm kənddə yaşayır cümlələrindəki fərqləndirilmiş sözlərzərf yox, isimdir.

Miqdar zərfi

İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? nə dərəcədə? suallarına cavab olur. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Qoca bir qədər dincəldi. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az,çox, xeyli, azca, azacıq, qismən, dəfələrlə, tamamilə, az-az, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir.

Miqdar zərfləri quruluşca daha çox mürəkkəb olur.

Facebook Şərhləri

4 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir