Zərf əsas nitq hissəsi

Zərf qrammatik mənasına görə hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir.
Zərflər daha çox feilin təsriflənən formaları ilə bağlı olur.
Məsələn: Maşın sürətlə gedir. Biz sabah kəndə getməliyik. Təyyarə yuxarı qalxdı və s. Zərflər feilin təsriflənməyən formalarına da aid ola bilir.
Məsələn: Mən sakit danışmağı xoşlayıram. Kişi təəccüblə mənə baxaraq dedi. Ucadan danışan oğlan Turaldır və s. Bu cümlələrdəki, sakit, təəccüblə və ucadan zərfləri feilin təsriflənməyən formalarına-məsdər, feili bağlama və feili sifətə aiddir.

Zərf həmçinin başqa nitq hissələrinə, həmçinin zərfin özünə də aid ola bilər.Məsələn: İndi tezdir. Dünən hava çox isti idi. Inümunədə zərf zərfə,II nümunədə isə zərf sifətə aiddir.

Zərfin quruluşca növləri

Zərflər quruluşca sadə,düzəltmə mürəkkəb olur.
Sadə zərflər bir kökdən ibarət olur: axşam, yuxarı, aşağı, inişil, tez, gec və s.

Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər,əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir:

-ca2: türkcə, rusca və s.
-casına2: qəhrəmancasına, acıqcasına və s.
-yana, -yanə, -anə; dostyana, dahiyanə, şairanə və s.
-dan2; ucadan, astadan,bərkdən və s.
-la2; zorla, ehtiyatla, diqqətlə və s.
-akı2: yanakı,çəpəki və s.
-ən: daxilən, qəsdən ruhən, qəlbən və s.
-da2: gündə, birlikdə, həftədə və s.
-lıq4: hələlik, həmişəlik və s.

Zərf düzəldən şəkilçilərdən -casina2, -la2, -ən vurğu qəbul etmir.

-la2 şəkilçisi -nan2 şəklində tələffüz olunur. Məsələn: ehtiyatla-ehtiyatnan və s.

Mürəkkəb zərflər iki sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları aşağıdakılardır:
1. Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, asta-asta, tez-tez və s.

2. Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, mənalı-mənalı və s.

3. Biri və ya hər ikisi çəkilçi qəbul etmiş sözlərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, sonradan-sonraya, birdən-birə, gündən-günə və s.

4. Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, əvvəl-axır, dinməz-söyləməz, gecə-gündüz, açıq-aşkar və s.

5. Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlınməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, uğrun-oğrun və s.

6. Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin işlənməsi yolu ilə: anbaab, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal və s. Bu üsulla əmələ gələn növbənöv, cürbəcür, rəngbərəng sözləri sifətdir.

7.Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, əlüstü, addımbaşı, arabir, üzüyuxarı, axşamçağı və s.

Son iki maddədə göstərilən mürəkkəb zərflər bitişik, qalanları isə defislə yazılır.
Bir az, bir qədər, o saat tipli mürəkkəb zərflər isə ayrı yazılır.

Facebook Comments

One comment

  1. Bəs mürəkkəb zərflərin cümlədə işlədilməsi haqqında cümlələr yəni misallar yoxdur axı əlavə olunsa yaxşı olar

Şərh yazın

Your email address will not be published. Required fields are marked *