Yiyəlik hal

Yiyəlik, sahiblik mənalarını bildirir. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?) qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s. İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın (qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.

Mən və biz əvəzlikləri yiyəlik halda -im şəkilçisi qəbul edir.

Yiyəlik halın iki növü var: müəyyənlik bildirən yiyəlik hal, qeyri-müəyyənlik bildirən yiyəlik hal.

Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və sahiblik, yiyəlik məzmununu konkret şəkildə ifadə edir. Məsələn: məktəbin həyəti, kitabın cildi birləşmələrində konkret bit məktəbin həyəti və müəyyən bir kitabın cildi mənası anlaşılır.

Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur və sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi birləşmələrində məktəb kitab isimləri qeyri-müəyyən əşyaları ifadə edir. Bunu aşağıdakı nümunələrdə də aydın görmək olar:
Müəyyənlik bildirən yiyəlik hal: dağın havası, elin gücü, ananın laylası, gülün ətri.

Qeyri-müəyyənlik bildirən yiyəlik hal: dağ havası, el gücü, ana laylası, gül ətri. Göründüyü kimi, belə isimlərin çoxunu müəyyənlik bildirən yiyəlik hala çevirmək mümkündür. Lakin bu halda olan bəzi sözləri müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillik günü, istirahət günü və s.

Yiyəlik halda işlənən isim, bir qayda olaraq, ayrılıqda işlənə bilmir. Belə isim özündən sonra gələn başqa bir isimlə – üçüncü şəxsin təkində olan mənsubiyyət şəkilçili isimlə məna və qrammatik cəhətdən bağlı olur. Məsələn: məktəb illəri arxada qaldı. Qonşunun oğlu diş həkimidir. Torpağın sirrini əli torpaqda olandan soruş və s.

Müəyyənlik bildirən yiyəlik hal bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri olur. Məsələn: Qələm Anarındır. Kitab məktəbindir və s. Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.
Yiyəlik hal ismin yeganə halıdır ki, təsriflənən feillə əlaqəyə girə bilmir.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir