Yerlik və Çıxışlıq hal

Yerlik hal əşya və hərəkətin yerini bildirir. İsmin yerlik halı kimə?, nədə?, harada? suallarından birinə cavab olur və -da2 şəkilçisi ilə düzəlir. Məsələn: Günay-da, Aysel-də, kitab-da, dəftər-də, bağ-da və s. Kimdə?, nədə? sualına cavab verən isim cümlədə vasitəli tamamlıq, harada? sualına cavab olan isim isə zərflik olur.

Bu haldakı sözlər xəbərlik şəkilçisi qəbul edərək kimdədir?, nədədir?, haradadir? suallarına cavab verdikdə isə cümlənin ismi xəbəri olur.

Çıxışlıq hal

Çıxışlıq hal hərəkətin çıxış (başlanğıc) yerini bildirir. İsmin çıxışlıq halı kimdən?, nədən?, haradan? suallarından birinə cavab olur və -dan2 şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan. Sevincdən, bağçadan, küçədən və s.

Çıxışlıq hal mənaca yönlük halın daşıdığı mənanın əksini bildirir.

Sonu m, n samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə (-nan2) şəklində deyilir.

Çıxışlıq halda olan isim, əsasən, təsriflənən feillərlə əlaqəyə girir. Məsələn: Uşaq məktəbdən gəlir. O, anasından soruşdu və s.

İsim başqa nitq hissələri ilə də əlaqələnə bilər. Məsələn: Mən Muraddan böyüyəm. Aysel Günaydan irəlidədir.

Kimdən?, nədən? sualına cavab verən isim cümlədə vasitəli tamamlıq, haradan? sualına cavab olan isim isə zərflik olur.

Bu haldakı sözlər xəbərlik şəkilçisi qəbul edərək kimdəndir, nədəndir?, haradandır? suallarına cavab verdikdə isə cümlənin ismi xəbəri olur.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *