Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması

Feili və ismi xəbərlər mübtəda ilə şəxsə görə həmişə uzlaşır, yəni mübtəda hansı şəxsdədirsə, xəbər də həmin şəxsin şəkilçisini qəbul edir.
Məsələn: Mən universitetdə oxuyuram. Biz yayda bağımızda dincəldik. Onlar kəndə gedirlər və s.
Xəbər mübtəda ilə kəmiyyətə görədə uzlaşır. Mübtəda tək olduqda xəbər də təkdə işlənir. Və ya əksinə, mübtəda cəm olduqda xəbər də cəm olur. Lakin kəmiyyətə görə uzlaşma I və II şəxslərdə həmişə gözləndiyi halda, III şəxsin cəmində bəzən pozulur.
III şəxsin cəmində xəbərin mübtəda ilə kəmiyyətə görə uzlaşması bu qayda üzrədir:
1. Mübtəda insan anlayışı bildirdikdə xəbər cəmdə olur.
Məsələn: Uşaqlar qaçırlar. Tamaşaçılar onu alqışladılar və s. Lakin bəzi hallarda xəbər təkdə də işlənir, yəni mübtəda ilə kəmiyyətə görə uzlaşmır:
Qonaqlar gəldi.
2. Mübtəda heyvan, quş anlayışı bildirdikdə xəbər həm təkdə, həm də cəmdə ola bilir.
Məsələn: Quzular mələşirlər. Quzular mələşir. Quşlar uçurlar. Quşlar uçur və s.
3. Mubtəda bu anlayışları bildirmədikdə xəbər onunla, adətən, uzlaşmır:
Çaylar daşır. Evlər tikilir. Ağaclar çiçəkləyir və s.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *