Vasitəli və vasitəsiz nitq

Danışarkən və ya yazarkən bəzən başqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri (nitqi) iki üsulla verilə bilər: vasitəsiz, vasitəli.

Vasitəsiz nitq

Vasitəsiz nitqdə başqasının sözləri dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.
Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən (M) və vasitəsiz nitqdən (V).

Müəllifin sözləri, adətən, dedi, düşündü, soruşdu və s. kimi nitq və təfəkkür feilləri ilə bitir və çox vaxt müəyyən şəxsli cümlə şəklində olur. Vasitəsiz nitq isə bir və ya bir neçə cümlədən ibarət olur və müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur. Vasitəsiz nitq, adətən, dırnaq arasına alınır və ya tire vasitəsi ilə ayrılaraq aşağıdakı bir neçə şəkildə işlənə bilir:

1. Müəllifin sözlərindən sonra:
Məsələn: 1. O dedi: “Biz doğma yurdumuza qayıdacağıq” .M: “V”.
2. Komandir qışqırdı: – Dayanın, ora minalanıbdır! və ya
3. Komandir qışqırdı:
– Dayanın, ora minalanıbdır!

2.Müəllifin sözlərindən əvvəl.
Məsələn: 1. “Kim dərsimizi danışmaq istəyir?” – deyə müəllim uşaqlara üz tutdu. “V?” – m.
2. – Təki torpaqlarımız geri qayıtsın, – deyə ana hər cür çətinliyə dözürdü.

3. Müəllifin sözlərinin arasında.
Məsələn: 1. Ana üzünü qonağa tutub: “İçəri keçin, qapıda durmayın”, – deyə nəvazişlə onu otağa dəvət etdi. M: “V”, – m.
2. O gülə-gülə: – Necədir, məktəbimiz xoşuna gəldi? – deyə soruşdu. və ya
3. O gülə-gülə:
– Necədir, məktəbimiz xoşuna gəldi? – deyə soruşdu

4. Müəllifin sözlərindən əvvəl və sonra.
Məsələn: 1. “Otur, gedirik, – dedi, -sonra danışarıq”. “V”, -m, -v”.
2. – Otur, gedirik, -dedi, -sonra danışarıq.

5. Müəllifin sözləri ilə vasitəsiz nitq ardıcıl olaraq işlənir.
Məsələn: 1.O, başını qaldırıb: “Yox, olmaz, -dei, -sən bu işə qarışma”. M: “V, -m, -v”.
2. O, başını qaldırıb: -Yox, olmaz, -dedi, -sən bu işə qarışma. və ya
O, başını qaldırıb: –
Yox, olmaz, -dedi, -sən bu işə qarışma

Vasitəsiz nitqin son iki qaydada işlənməsi nadir hallarda olur.
Vasitəsiz nitqdə sual işarəsi, nida işarəsi və üç nöqtə dırnaqdan əvvəl, nöqtə və vergül isə dırnaqdan kənarda qoyulur.

Vasitəli nitq

Vasitəli nitqdə başqasının sözləri (nitqi) eynilə deyil, dəyişilmiş şəkildə verilir, yəni onun məzmunu çatdırılır. Tərkibində vasitəli nitq olan cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarət olur. Vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllifin sözlərindən sonra işlənir. Vasitəsiz nitq vasitəli nitqlə əvəz edilərkən dırnaqlar və tire işarəsi atılır və ki bağlayıcısı əlavə olunur. Məsələn:

Anar dedi: “Mən böyüyəndə müəllim olacağam”.
Anar dedi ki, o böyüyəndə müəllim olacaq.

Nümunədən göründüyü kimi, vasitəsiz nitq vasitəli nitqə çevrilərkən şəxs əvəzlikləri və şəxs şəkilçiləri dəyişdirilə bilir.

 

 

Facebook Şərhləri

2 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir