Ümumişlək və ümumişlək olmayan sözlər

Dilimizdəki sözlər işlənmə dairəsinə görə 2 qrupa bölünür: ümumişlək sözlərümumişlək olmayan sözlər.
Mənası hamı tərəfindən anlanılan sözlərə ümumişlək sözlər deyilir.

Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad və s.

ÜMUMİŞLƏK OLMAYAN SÖZLƏR

Hamı tərəfindən istifadə olunmayan sözlərə ümumişlək olmayan sözlər deyilir.
Ümumişlək olmayan sözlər dörd qrupa bölünür:

1. dialekt sözlər
2. ixtisas sözləri
3. yeni sözlər
4. köhnəlmiş sözlər

DİALEKT SÖZLƏR

Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözlər deyilir.
Məsələn: döşəkçə ümumişlək sözdür – hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü isə yalnız ayrı-ayrı bülgə və kəndlərdə yaşayanların işlətdiyi dialekt sözdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), gəvəzə (boşboğaz), əlardan (dəsmal), dənab (qaynadılmış su), qəməlti (bıçaq), siyəzi (kisə), zivə (paltar asmaq üçün ip) və s. sözlər dialekt sözlərdir.

TERMİNLƏR

Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər deyilir. Məsələn: frazeologoya, mübtəda, orfoepiya, tropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna və s.

Terminlər elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üsluba başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətdir.

Terminlərin xarakterik xüsusiyyətləri yığcamlıq, yeni söz yaratmaq qabiliyyətinin, emosionallığın və məcaziliyin olmaması, çox vaxt da sinonimin olmamasıdır.

Qeyd: Dildə işlənən kobud ifadələr, nalayiq sözlər vulqar sözlər adlanır. 

YENİ SÖZLƏR

İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir.

Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, soyad, durum, dəstək, önəmli, gündəm, cangüdən və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yeni sözlərdir.
Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn: mesaj, internet, bələdiyyə, investisiya, birja, kompyuter mer, menecer və s.

KÖHNƏLMİŞ SÖZLƏR

Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər deyilir.
Keçmiş həyat və məişət tərzi ilə bağlı (ölçü və çəki vahidləri, geyim adları, rütbə adlarə, pul vahidləri və s.) köhnəlmiş sözlər tarixizm adlanır.
Məsələn: çarıq, daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), yasavul (polis), xurcun (torba), batma (çəki vahidi) və s.

Facebook Şərhləri

2 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir