Tapmacalar-Kənd təsərrüfatı

88913
Kənd təsərrüfatına aid tapmacalar.

1.A qara gədə, nədəndi?
Bağrı zədən-zədəndi,
Özü ellər doruyar,
Gözü doymaz, nədəndi?

2. A yolnan gedən kişi,
Torpağnan vardı işi,
Bir oğlan almışam mən,
Nə erkəkdi, nə dişi.

3. A kişi, kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar küləsi.

4. Ağacdan atı,
Dəmirdən qatı,
Adəm illəti,
Tanrı qüdrəti.

5. Ağzı var, dili yox,
Qarnı var, beli yox.
O necə əkinçidir,
Toxum səpir, əli yox,

6. Atam var, mən yayaq,
Əlimdə dəmir daraq,
Palçıq dizdən, su beldən,
Yüyürürük, toz qopur.

7. Axar çayın axarı,
Dolandırır cahanı,
Bir yanında xış işlər,
Bir yanında kotanı.

8. Bizim evdə bir kiçi var,
Təpəsində üç dişi var.

9 Bir atım var dərində,
Bağlamıçam sərində,
Gecə-gündüz yol gedir,
Yerindədir, yerində.

10. Bir beləcə mücrünü,
Gördüm onun gücünü,
Yeddi qatar dəvə də
Çəkməz onun gücünü.

11. Bir özü var, dörd gözü.

12. Bir dərədə qurd durmuş,
Dişin dişinə vurmuş,
Dünyanın malın yemiş,
Heç özünə qalmamış.

13. Burdan batar, ordan çıxar,
Qılçıq atar, yonca bitər.

14. Qara toyuq yer eşər,
Ağ toyuq suda bişər.

15. Daş xırıldar,
Su şırıldar,
Taxta çalar,
Dən oynaşar.

16. Daşdandı, dəmirdəndi,
Xörəyi xəmirdəndi,
Aləmə yemək verər,
Özü doymaz, nədəndi?

17. Dərə dibində durar,
Aləmi o doyuyar.

18. Dörd qardaş,
Ha ötüşürlər,
Biri-birinə,
Çata bilmirlər.

19. Evimizdə bir kişi var,
Aş içər, noxudun seçər.

20. Əlimə allam, sallanar,
Yerə qoyaram, yığılar.

21. Əlində oraq,
Qalları daraq,
Üstündə xırman,
Altı dəyirman.

22. Yarır torpağı qat-qat,
Əlli öküz, əlli at
Ona çatmaz qüvvədə,
Böyük iş görür kənddə.

23. Mücürü, ay mücürü,
İlişdirdim ucunu,
Yeddi qatar nə gərək
Çəkə onun gücünü.

24. Nə əli var, nə ayağı,
Eşər, tökər torpağı.

25. Səkkiz dartan, bir yırtan.

26. Üstü taxta, altı daş,
Səkkiz ayaq, iki baş.

27. Fır-fır ötər,
Ağ-ağ tökər.

28. Hatəm-hatəm hətdədi,
Hatəm koxa kənddədi.
Dişi qarnı altında,
Dodağı dal qatdadı.

29. Helində, ha helində,
Qanadları belində,
Gecə-gündüz yol gedər,
Yerindədi, yerində.

30. Hənd oldu, ha hənd oldu.
Dəyirmana dən doldu,
Səksən ikicə taxta,
Bir mismara bənd oldu

Cavablar

1. dəyirman 2. traktor  3. çin,oraq, vəl                   4. dəyirman  5. toxumsəpən maşın  6.dəyirman  7. dəyirman 8. yaba  9. yel dəyirmanı  10. buxov  11. boyunduruq  12. dəyirman  13. xış və əkin  14. kotan və düyü  15. dəyirman 16. dəyirman 17. dəyirman      18. araba təkəri 19. pambıq maşını  20. zəncir  21. kombayn  22. traktor  23. kotan  24. traktor  25. kotan 26.vəl və öküzlər  27. dəyirman 28. xırman vəli  29. dəyirman 30. dəyirman pəri

[collapse]
Facebook Şərhləri