Tapmacalar – Bitkilər

bitkilər

Tapmacalar bitkilər, ağaclar, otlar, güllər, meyvələr, bostan və tərəvəz məhsulları haqqında

1) Ağ qıza əl uzatdım,
Məsti budaqda qaldı.

2) Ağacın tutmaq olmaz,
Ətrindən doymaq olmaz.

3) Bahalıdır qiymətin,
Şahlar çəkir minnətin.

4) Bir sürü atlar
Çəməndə otlar,
Vaxtı gələndə
Dərisi çatlar

5)Yaşıl taxt üstündə oturub pəri,
Yaquta, mərcana bənzər ləbləri.
Uzaqdan baxarsan, üzün gizlətməz,
Əlini uzatsan, vurar neştəri.

6) Nədəndi, ay nədəndi,
Dərmə, nazikbədəndi,
Plov üstə məskəni,
Görən, rəngi nədəndir?

7) Özü ala, yeri tala,
Para-para, qəlbi qara.

8) Sarı arabası var bunun,
Büzmə yaxası var bunun,
Üstü çopur, içi dilim,
Gör, nə səfası var bunun.

9) Sarı-sarı sandıqlar,
İçi dolu fındıqlar.

10)Toxum əkdim, yarpaq bitdi,
Yarpağın qocalar diddi.

11) Çiçəkləyir, gül deyil,
Ağdır, amma qar deyil,
İstisi var, yun deyil.

12) Aşmaz-uşmaz
Yerə düşsə,
Beli sınmaz

13) Əynində yaşıl donu
Damarları görsənir

14) Əyri-əyri boy atar,
Ayağı yerə batar,
Salxım-salxım sallanar,
Altında sarvan yatar.

15) Yağış yağanda
Çimər, yuyunar,
Yazda deyinər,
Qışda soyunar.

16) Uzanar, ha uzanar,
Qollarından balalar.

17) Alaca, ha bulaca,
Səpdirmişəm yumaca,
Düzdırmaşır ağaca.

18) Anaxanım atlandı,
Qol-qanadı qatlandı.

19) Babam oturub ala çuxada,
Kim soyundursa, gözü çıxar.

20) Bostanda var gombul kosa,
Üstü bozdu, içi xasa,
Əzsən, dolar qanlı kasa.

21) Bədəni yerdə,
Saqqalı göydə.

22) Bir beləcə mil daşı,
Yandırır dağı-daşı.

23) Bir quşum var, alaca,
Getdi, qondu ağaca,
Özünə bir ev tikdi,
Nə qapı qoydu, nə baca.

24) Bir sandığım var, mərəndi,
Nə qıfılı var, nə bəndi,
Elə açılır, elə yumulur,
Heç kim bilməz o fəndi

25) Bir toyuğum var, yer altında yumurtlar.

26) Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.

27) Əzizim, qəssab ağlar,
Sarı don qəssab ağlar.
Ölən qoyun ağlamaz,
Öldürən qəssab ağlar.

28) Yaşıl tağım var,
Al otağım var.
Göy paltarımda,
Boz qurşağım var.

29) Yer altında sarı biz.

30) Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.

31) O nədir ki, saqqalı yerdə,
Ayaqları göydə?

32) O nədir ki,
Otuz səkkiz paltar geyir,
Hamısı düyməsiz.

33) Uzun-uzun uzanar,
İpdən tutub sallanar.

34) Üstü yaşıl məxmərdi,
İçi şirin şəkərdi.

35) Çil toyuq, çiləmə toyuq,
Başını kəsdim, qanı yox.

36) Çoxlu tağ atar,
Torpaqda yatar,
Qoyma yetişsin,
Kal-kal dər apar.

37) Ağac başında al yanaqlı qız.

38) Ağac başında sarı yemiş.

39) Ağac başında sarı yumaq,
Üstünə səpilib ağ sumaq.

40) Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtraq.

41) Ağac başında unlu dağarcıq

42) Ağzı bağlı bir təndirim var,
İçi bircə kündə tutar.

43) Bir təndirim var,iki çörək tutur.

 

Cavablar

1. pambıq 2. qızılgül 3. zəfəran 4. pambıq 5. qızılgül 6.zəfəran 7. lalə 8. limon 9. xaş-xaş 10. tütün 11. pambıq 12. yarpaq 13. yarpaq 14. söyüd ağacı 15. ağac 16. ağaclar 17. lobya 18. kələm 19. soğan 20. çuğundur 21. turp 22. istiot 23. qabaq 24. Kələm 25. kartof 26. kələm 27. soğan 28. qarpız 29. kök 30. kartof 31. sarımsaq 32. kələm 33. qabaq, yemiş 34. qarpız 35. soğan 36. xiyar 37. alma 38. xurma 39. heyva 40. şaftalı 41. iydə 42. fındıq. 43. qoz

[collapse]

 

Facebook Comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir