Həşəratlar

heşaratlar

Həşəratlara, çəyirtkə, birə, arı, kəpənək, hörümçək, barama, qarışqa və s. aid tapmacalar.

1. Ağ otun alasına,
Gün düşdü talasına
Elə də quş olarmı,
Yem verməz balasına?

2. Ağzı qara, gözü yox,
suda üzər, izi yox.

3. Ayağı var, səkkiz ədəd,
Əl vurantək əziləcək,
Havadadır, qanadı yox,
İpək toxur, cəhrəsi yox.

4. Alallar, ha alalar,
Erkək, dişi balalar.

5. Aşıq eldən yuxarı,
Şana teldən yuxarı,
Aşıq bir şey görübdür,
Dizi beldən yuxarı.

6. Başı yerdə, dalı göydə.

7. Biz biz idik, yüz qız idik,
Bizi bükdülər, ipə düzdülər,
Qərğın gəldi, qırıldıq,
Şükür Allaha, dirildik.

8. Bir balaca xallı şey,
Üstü qızıl, allı şey,
Qoydu bizim dolçaya
Şirin, sarı, dadlı şey

9. Bir beləcə mil daşı.
Yandırdı, yanın qaşı.

10. Bir quşum var, alaca.
Gedər, qonar ağaca,
Ağacda bir ev tikər,
Nə qapı qoyar, nə baca

11. Bir quşum var, dıqqana,
Gecə çıxar dik qana,
Ürəyi şir ürəkli,
Özün yaxar oddana.

12. Bir sürü quzu,
Otlayır düzü,
Nə bir izi var,
Nə də ki tozu

13. Bir tapmaca deyim,
Tapmasan, gənə deyim.

14. Bu meşə gül meşəli,
Altı tər bənövşəli,
Bir kişinin min oğlu,
Hamısı bir peşəli.

15. Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı,
Quşlardan hansı quşdur,
Dizi beldən yuxarı?

16. Vay-vay uçar,
Vay-vay qonar,
Vay iliksiz,
Vay sümüksüz.

17. Vıy vıyıldar,
Vıy sızıldar,
Vıy ilisiz,
Vıy sümüksüz.

18. Qaq-qaq qalası var bunun,
Ağı, alası var bunun,
Yumurtlamaz, qaqqıldamaz,
Uçar, balası var bunun.

19. Qanadı var, quş deyil,
Buynuzu var, qoç deyil.

20. Qanadı var, quş deyil,
Dişləyir, ilan deyil.

21. Qanadı var uçmağa,
İynəsi var sancmağa,
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.

22. Qaradır, qarğa deyil.
Qanadlıdır, quş deyil,
Qoxu bilir, it deyil,
Şirni yeyir, bit deyil.

23. Qiblədən ulduz doğdu,
Ulduz ulduzu qovdu,
Anası beşikdəykən,
Balası oğlan doğdu.

24. Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.

25. Quşum nə yaxşı quşdu,
Üzü qibləyə tuşdu,
Ot otlar camış kimi,
Su içməz, necə quşdur?

26. Dağda, qayada gəzər,
Quyruğunda var zəhər.

27. Dağlarda lalə gəzər,
Əldə piyala gəzər,
Nə doğar, nə balalar,
Dalınca bala gəzər.

28. Dam-damın səsi gəlir.
Damdan dəm səsi gəlir,
On iki pəncərədən,
Bir quran səsi gəlir.

29. Dişləri var, it deyil,
Ayağı var, bit deyil,
İlan kimi bərk çalır,
Yerində bir dərd qalır.

30. Əzizim, bir anası,
Hərənin öz anası,
Quşlardan hansı quşdur,
Min bala, bir anası?

31. Əcaib bir quşum var,
Yerdə gəzər, izi yox,
Əti haram, südü halal,
Boğazladım, qanı yox.

32. Zirzəmilərdə yatan,
Qara palçığa batan,
Həkiim dərman tək satan,
Qara zəncirim nədir?

33. Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Yeyib yatar baharədək,
Nədir adı, tapın görək.

34.Rəngbərəngdir gül kimi,
Qanadı var tül kimi,
Uçur bağda, çəməndə,
Çox yüngüldür, tük kimi.

35.Canı vardır, qanı yox,
Yer altında sanı yox.

36. Cığ-cığa quşlar,
Camı durmuşlar,
Özü qazanar,
Sizə çağışlar.

Cavablar

1. çəyirtkə 2. zali 3. hörümçək 4. arı 5.çəyirtkə 6. dozanqurdu 7. barama 8. bal arısı 9. birə 10. barama qurdu 11. pərvanə 12. arı 13. gənə 14. bal arısı 15. çəyirtkə 16. ağcaqanad 17. milçək 18. kəpənək 19. kəpənək 20. ağcaqanad 21. arı 22. milçək 23. bal arısı 24. qarışqa 25. barama 26. əqrəb 27. arı 28. arı pətəyi 29. əqrəb 30. arı 31. arı 32. zəli 33. qarışqa 34. kəpənək 35. qarışqa 36. arı

[collapse]
Facebook Şərhləri