Tabesiz mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. Məsələn: Hava birdən-birə soyudu və sulu qar yağmağa başladı. Torpaq qızır, qar əriyirdi. Müəllim danışır, uşaqlar diqqətlə ona qulaq asırdılar. Bu mürəkkəb cümlələr bərabərhüquqlu sadə cümlələrin tabesizlik əlaqəsi ilə birləşməsindən əmələ gəlmişdir, ona görə də tabesiz mürəkkəb cümlələrdir.

Tabesiz mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə müxtəlif məna əlaqələri ilə bağlanır. Aşağıda öyrənəcəyimiz məna əlaqələri ya tabesizlik bağlayıcılarının, ya da sadalama intonasoyasının köməyi ilə yaranır. Bu baxımdan tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı tabesiz mürəkkəb cümlələr, bağlayıcısız tabesiz mürəkkəb cümlələr.

Qeyd: Həmcins xəbərli sadə cümlə ilə tabesiz mürəkkəb cümlələri qarışdırmamaq lazımdır. Müqayisə edin:
1. Fariz şox çalışdı, ancaq istədiklərinə nail ola bilmədi.
2. Farız şox çalışdı, ancaq o, istədiklərinə nail ola bilmədi.
Bu cümlələrdən I-sində çalışdınail ola bilmədi xəbərləri eyni mübtədaya (Fariz) aiddir. II cümlədə isə çalışdı xəbəri Fariz, nail ola bilmədi xəbəri isə o mübtədası ilə bağlıdır. Buna görə də I cümlə həmcins xəbərli sadə, II cümlə isə tabesiz mürəkkəb cümlədir.

Bağlayıcılı tabesiz mürəkkəb cümlələr

Bağlayıcılı tabesiz mürəkkəb cümlələrin tərkib hissələri, əsasən, aşağıdakı bağlayıcıların köməyi ilə əlaqələnir:

Birləşdirmə bağlayıcıları: . Qatar uzaqdan göründü camaat hərəkətə gəldi. Yağış yağdı həyətdə gölməçələr yarandı və s.

Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin. Bu barədə qərar var, ancaq heç kim onu icra etmir və s.

İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da, -da, də, -də. Kənddə həm dincəlirəm, həm də anam mənə görə sevinir. Uşaq da sevinirdi, baba da altdan-altdan gülürdü və s.

İnkar bağlayıcıları: nə, nə də (ki). Nə işıq yanırdı, nə də su gəlirdi və s.

Bölüşdürmə bağlayıcıları: ya, ya da (ki), gah, gah da. Kəndə ya özün get, ya da yaxın bir adam getsin və s.

Birləşdirmə bağlayıcılarından başqa, qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib kissələri arasında vergül qoyulur.

Bağlayıcısız tabesiz mürəkkəb cümlələr

Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır. Bu cür tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məsələn: Yağış yağır, rəqs eləyir gur damcılar. Sel gəldi, çayın suyu bulandı və s.

Bir çox hallarda bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında bağlayıcısı artırıla bilər.

Həm bağlayıcılı, həm də bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkibindəki sadə cümlələrin xəbərləri, əsasən, eyni qrammatik quruluşda olur, yəni biri şühudi keçmiş zamandadırsa, o biri də eyni zamanda olur.

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında aşağıdakı məna əlaqələri vardır: zaman əlaqəsi, ardıcıllıq əlaqəsi, səbəb-nəticə əlaqəsi, aydınlaşdırma əlaqəsi, qarşılaşdırma əlaqəsi, bölüşdürmə əlaqəsi. 

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni zamanda baş verən hadisələr sadalanır, başqa sözlə, belə cümlələrin tərkib hissələrindəki iş, hərəkət, hadisə eyni zamanda olur.
Məsələn: Nənə nağıl danışır, nəvələr diqqətlə qulaq asırdılar. Həm yağış yağır, həm də külək əsirdi və s.

Nümunələrdən göründüyü kimi, zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ya ancaq sadalama intonasiyası ilə (1-ci cümlə), ya da intonasiya və ya tabesizlik bağlayıcıları ilə (2-ci cümlədəki kimi) bağlana bilir.

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkibindəki sadə cümlələrin yerini, əsasən, dəyişmək olur.

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrə aid nümunələr:
1. Müharibə qurtarmır, sonu görünmürdü.
2. Lalə çiçəklərin ətrini sinəsinə çəkdikcə yarası sağalır, ayrılığın acıları canından çıxırdı.
3. Bəyin dizləri titrəyir, əli əsir, ürəyi döyünür, gözünə müxtəlif şeylər görünürdü.

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: Qonaqlar dağılıb getdilər, ana süfrəni yığışdırmağa başladı. Axşam düşür, camaat yavaş-yavaş evə gedirdi və s.

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri daha çox sadalama intonasiyası ilə bağlanır. bağlayıcısının iştirakı ilə də ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr yaranır. Məsələn: Teatrda xəbərdarlıq zəngi çalındı, tamaşaçılar salona daxil oldular və tamaşa başlandı.

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrə aid nümunələr:
1. Bütün kənd evlərinin qapıları və pəncərələri açılır, adamlar yola tökülür.
2. O, gələndən sonra on dəqiqə keçməmiş yatanlar ayıldılar, hamı geyindi.
3. Günəş batdı, lampalar yandı.

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəb, ikincidəki isə onun nəticəsi olur. Məsələn: Külək əsdi, ağacların yarpaqları töküldü. Yağış yağdı, toz yatdı və s.

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.

Qeyd: Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrə oxşayır. Hər iki əlaqəli mürəkkəb cümlələrdə iş müəyyən ardıcıllıqla yerinə yetirilir. Lakin səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə bir kortəbiilik və birbaşa səbəb məzmunu olur, yəni birinci cümlədəki səbəb üzündən  ikinci cümlədəki iş baş verir. Məsələn: Elektrik məftili qırıldı, işıq söndü. Ardıcıllıq əlaqəli cümlələrdə isə sadəcə ardıcıl baş verən işlər sadalanır. Məsələn: İşıqlaq söndü, film başlandı.

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrə aid nümunələr:
1. Qar əriyir, çaylar bulanır.
2. Partlayışlar olur, su fəvvarə vurub göyə qalxır.
3. Xanım dərəsinə enəndə səmənd at büdrədi, sən də atın boynundan sürüşüb dəydin yerə.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri (əsasən, ikincisi) o birindəki fikri aydınlaşdırır. Məsələn: Xaqan başını tərpətdi: yəni o, razı idi. Çörək yaxşı bişməmişdi: içi çiy idi.

Bu mürəkkəb cümlələrdəki ikinci tərkib hissələr birincidəki fikri aydınlaşdırır. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında, adətən, qoşa nöqtə qoyulur. Tərkib hissələrdən birində vergül olduqda əvvəlki tərkib hissədən sonra nöqtəli vergül də qoyula bilər.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri, əsasən, intonasiya ilə əlaqələnir.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrə aid nümunələr:
1. Kəndlərdə toy üç gün, üç gecə olur: qoyun kəsilir, qonaqlıqlar verilir.
2. Qardaşım başını aşağı dikmişdi, yəni o, elədiklərindən çox peşiman idi.
3. Ətrafı dinlədim; heç kəs görünmür, heç kəs gözə dəymirdi.

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və ya hadisə bir-biri ilə qarşılaşdırılır. Məsələn: Mən şəhərdə yaşayıram, anam isə kənddə olur. Uşaq gəzməyə getmək istədi, ancaq anası icazə vermədi və s.

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri intonasiya, qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin, bəzən də isə) və antonim sözlərin köməyi ilə əlaqələnir.

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrə aid nümunələr:
1. Mən bu günlərdə şəhərə getmək istəyirdim, iş yerindən buraxmadılar.
2. Tüfəngi gizlətmisiniz, amaa dəhrə, balta, bıçaq yadınızdan çıxıb.
3. Adamları sıradan çıxarmaq asan, kömək eləyib işlətmək çətindir.

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş, hadisə ya növbə ilə bir-birini əvəz edir, ya da onlardan yalnız birinin mümkünlüyünü bildirir. Məsələn: Meşədə gah quşlar cəh-cəh vururdu, gah da tam sakitlik olurdu. Gah qızmar gün çıxırdı, gah da göyün üzünü qara buludlar örtürdü və s.

Tabesiz mürəkkəb cümlələrin bu növü yalnız bölüşdürmə bağlayıcılarının köməyi ilə düzəlir.

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrə aid nümunələr:
1. Bunlara ya iş verilməli, ya da yer göstərilməlidir.
2. Bu yerlərdə gah taxıl əkilir, gah da bostan bitkiləri becərilirdi.
3. Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər basırdı.

Facebook Şərhləri

Bir şərh

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir