Tabeli mürəkkəb cümlələr, budaq cümlələr

Tabeli mürəkkəb cümlələri təşkil edən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, o biri isə ona tabe olur. Tabe edən tərkib hissə baş cümlə, tabe olan tərkib hissə isə budaq cümlə adlanır. Baş cümlə ☐budaq cümlə isə Ο şərti işarə ilə göstərilir.
Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur.

Məsələn: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. İşğal olunmuş torpaqlarımız azad olmasa, bizim rahat yaşamağa mənəvi haqqımız yoxdur.

Birinci cümlədə budaq cümlə baş cümlədən sonra gəlmişdir. Buradakı baş cümlə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmışdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığın yerində işlənmişdir. Bu mürəkkəb cümləni sadələşdirib, budaq cümləni bütövlükdə tərkib şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə aparılan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
İkinci cümlədə isə budaq cümlə (İşğal olunmuş torpaqlarımız azad olmasa) baş cümlənin ümumi məzmunu ilə bağlı olub, ondakı işin şərtini bildirir.
Tərkibindəki sadə cümlələrdən biri o birinə tabe olan mürəkkəb cümləyə tabeli mürəkkəb cümlə deyilir.

Budaq cümləni baş cümləyə bağlayan vasitələr

Budaq cümlələr baş cümlələrə, əsasən, aşağıdakı vasitələrlə bağlanır:
1. Tabelilik bağlayıcıları ilə. Budaq cümlələrin bir hissəsi baş cümləyə ki, çünki, ona görə ki, ondan ötrü ki, odur ki, əgər, hərçənd, madam ki, indi ki və s. tabelilik bağlayıcılarının köməyi ilə bağlanır. Məsələn: Qərara alındı ki, buraxılmış imtahanları test üsulu iləolsun. Ana bu sözlərə inanmadı, cünki oğlu belə bir işi tuta bilməzdi. Əgər uşaqlar gəlsələr, mənə zəng edin və s.

Son üş bağlayıcı (əgər, hərçənd, madam ki) istisna olmaqla, qalan bağlayıcıların köməyi ilə baş cümləyə bağlanan budaq cümlələr, əsasən, baş cümlələrdən sonra gəlir.

2. Bağlayıcı sözlərlə. Budaq cümlələrin bir hissəsi də baş cümləyə kim, nə, hara, necə, hansı, nə vaxt, haçan, neçə, nə qədər və s. bağlayıcı sözlərlə (öz funksiyasını itirmiş sual əvəzlikləri ilə) bağlanır. Bağlayıcı sözlər çox vaxt ki ədatı ilə birgə işlənir. Məsələn: Kim ki əməksevərdir, o, həyatda çox şeyə nail olur. Nə əkərsən, onu da biçərsən. Haraya demişdim, ora da gedib. Nə qədər tapşırmışdınız, bir o qədər kitab alınıb və s.

Bağlayıcı sözlər bağlayıcılardan fərqli olaraq, cümlə üzvü olur. Məsələn: Yuxarıdakı cümlələrdə kim bağlayıcı sözü mübtəda, (nəyi) sözü tamamlıq, haraya sözü yer zərfliyi, nə qədər sözü isə kəmiyyət zərfliyidir.
Bağlayıcı sözlər əsasında qurulan budaq cümlələr, bir qayda olaraq, baş cümlədən gəlir.

Qeyd 1: Hər kim, o gün ki, o yerdə ki, elə ki, bir yerə və s.sözləri də bağlayıcı söz məqamında işlənə bilir.
Məsələn: Hər kim sözünə əməl edirsə, ona etibar etmək olar. O gün ki havalar soyudu, onda artıq Fəxrəddin buralarda görünmədi. O yerdə ki böyüyə hörmət yoxdur, orda oturmağa dəyməz. Elə ki qapı döyüldü, uşaqların hamısı səs gələn tərəfə qaçdılar. Bir yerə səni çağırmayıblarsa, ora getmə.

Qeyd 2: Bağlayıcı sözlərlə işlənən ki ədatından sonra vergül qoyulmur.

3. Ədatlarla, modal sözlərlə və şəkilçi vasitəsilə (belə, düzü, düzdür, doğrudur, -sa2, -sa2 da2, -mı4 və s.). Məsələn: Uşaqlar gəlsələr, müəllimə xəbər verin. Kəndə çatdınmı, evdəkilər mənə zəng etsinlər. Düzdür, o çox çalışırdı, ancaq ali məktəbə qəbul ola bilmədi və s. Bu yolla qurulan budaq cümlələr də baş cümlələrdən əvvəl gəlir.

-mı4 ədatı baş cümlədə də işlənə bilir. Məsələn: Eşitdinmi, nə deyir?

4. İntonasiya ilə. Budaq cümlələrin kiçik bir hissəsi də intonasiya ilə baş cümləyə bağlanır. Məsələn: İgid odur, basdığını kəsməsin. Adam var, heç nəyi bəyəndirmək olmur və s. Bu tipli budaq cümlələr isə baş cümlədən sonra gəlir.

Qeyd: “Sualın cavabını bilsəm, cavab verəcəyəm” tipli cümlələrdə mübtəda olaraq eyni söz (mən) təsəvvür olunur. Ancaq bu tipli cümlələr həmcins xəbərli sadə cümlə yox, tabeli mürəkkəb cümlə sayılır. Çünki həmcins üzvlərlə tabesiz mürəkkəb cümlənin tərkib hissələri eyni vasitə ilə bağlandığı halda, bu cümlələri bağlayan -sa2 tabelilik vasitəsidir. Tabelilik vasitəsi ilə bağlanan bütün cümlələr isə tabeli mürəkkəb cümlə hesab edilir.

Baş və budaq cümlələrdə əvəzliklərin rolu

Tabeli mürəkkəb cümlələrin baş cümlələrində bir sıra hallarda bu, o, buna, bunda, onda, elə, belə və s. əvəzliklər işlənir. Bu cür sözlər budaq cümlənin növünün müəyyənləşməsində mühüm rol oynayır. Belə ki, həmin sözlər baş cümlədə hansı cümlə üzvü olursa, budaq cümlə də onun adı ilə adlanır. Məsələn: Bu da məkumdur ki, azadlıq asanlıqla əldə edilmir. Məruzəçi onu da əlavə etdi ki, Qarabağ düyünü bu il açılmalıdır. Məsləhətim budur ki, əlavə ədəbiyyat oxuyasan və s. Birinici cümlədə bu əvəzliyi mübtəda, ikinci cümlədə onu əvəzliyi tamamlıq, üçüncü cümlədəki budur əvəzliyi xəbərdir. Deməli, birinici cümlə mübtəda budaq cümləli, ikinci cümlə tamamlıq budaq cümləli, üçüncü cümlə isə xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bu xüsusiyyətlərinə görə baş cümlədə işlənən belə əvəzliklər əvəzlik-qəlib adlanır.

Tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlandıqda baş cümlədə bir sıra əvəzliklər ya işlənir, ya da təsəvvür olunur. Belə sözlər budaq cümlədəki bağlayıcı sözün qarşılığı kimi işlənir,buna görə də qarşılıq söz adlanır (qarşılıq sözlər də əvəzlik-qəlib sayılır). Məsələn: Kim əlaçıdır, olimpiadada o iştirak edəcək. Kimə demişdiniz, ona da çatdırdım. Harada deyirsiniz, orada oturum və s. Birinci cümlədəki o qarşılıq sözü mübtəda, ikinci cümlədəki ona sözü tamamlıq, üçüncü cümlədəki orada sözü isə yer zərfliyidir. Deməli, birinci mürəkkəb cümlə mübtəda budaq cümləli, ikinci cümlə tamamlıq budaq cümləli, üçüncü cümlə isə zərflik budaq cümləli mürəkkəb cümlədir.

Qeyd: Bağlayıcı sözlərin budaq cümlənin növünə təsiri yoxdur. Budaq cümlələrin növü bağlayıcı söz işlənən cümlələrdə olan və ya təsəvvür olunan qarşılıq-sözün funksiyasına görə müəyyənləşir.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *