Tərkiblər cümlədə bütövlükdə bir sintaktik suala cavab verir və cümlənin bir mürəkkəb üzvü olur. Tərkiblərin cümlədəki rolu isə onların əsas tərəflərinin cümlədəki vəzifəsi kimidir. Yəni məsdər tərkibləri cümlədə daha çox mübtəda və tamamlıq; feili sifət tərkibləri daha çox təyin; feili bağlama tərkibləri isə zərflik olur. Məsələn:
1. Vətəni gözbəbəyi kimi qorumaq (nə?) hər bir əsgərin borcudur.
2. O, xalq mahnılarına qulaq asmağı (nəyi?) xoşlayır.
3. Yarışda birinci yeri tutan (hansı?) şagirdlərə mükafat verdilər.
4. Arxeoloqlar suyun altında qalmış (hansı?) insan məskənləri aşkara çıxardılar.
5. Ana evdən çıxmaq istəyəndə (nə zaman?) qapı döyüldü.
6. Uşaq heç kimdən çəkinmədən (necə?) bildiklərini dedi.
Yuxarıdakı 1-ci və 2-ci cümlələrdə işlənmiş məsdər tərkibləri mübtəda və tamamlıq, 3-cü və 4-cü cümlələrdəki feili sifət tərkibləri təyin, son iki cümlədə işlənmiş feili bağlama tərkibləri isə zərflikdir.