Tərkiblər

Feili birləşmələrə cümlə daxilində tərkib deyilir. Bu halda onlar əsas tərəfin adları ilə adlanır: məsdər tərkibləri, feili sifət tərkibləri, feili bağlama tərkibləri.
Feili birləşmələr dedikdə əsas tərəfin feilin təsriflənməyən formalarından hər hansı biri ilə ifadə olunmasının fərqi yoxdur. Yəni, vətəni sevmək, vetəni sevən, vətəni sevəndə birləşmələrinin üçü də feili birləşmədir. Lakin cümlədə tərkib kimi onlar bir-birindən fərqlənir: birincisi məsdər tərkibi, ikincisi feili sifət tərkibi, üçüncüsü isə feili bağlama tərkibi adlanır.

Ona görə ki, həmin birləşmələr cümlə daxilində ayrı-ayrılıqda məsdərin, feili sifətin, feili bağlamanın xüsusiyyətlərini və sintaktik vəzifəsini daşıyır. Feili birləşmələrdə, adətən, iki tərəf – tabe söz (asılı tərəf) və tabeedici söz (əsas tərəf) olur. Tərkiblərdə isə, bir qayda olaraq, sözlərin sayı çox olur. Feili birləşmələr üçün iki söz, tərkiblər üçün isə bir neçə söz səciyyəvi sayılır. Lakin tərkib yalnız iki sözdən də ibarət ola bilər.

Tərkiblər üç cürdür: məsdər tərkibləri, feili sifət tərkibləri, feili bağlama tərkibləri.

Məsdər tərkibləri

Əsas tərəfi məsdər olan tərkiblərə məsdər tərkibləri deyilir.
Məsələn: Gündəlik dərslərə yaxşı hazırlaşmaq hər bir şagirdin borcudur. Bu cümlədəki  gündəlik dərslərə yaxşı hazırlaşmaq məsdər tərkibidir və əvvəlki sözlərin hazırlaşmaq məsdərinə tabe olması yolu ilə yaranmışdır. Aşağıdakı cümlələrdə də məsdər tərkibləri işlənmişdir: Əsgərlərin yadigarını gözbəbəyi kimi qorumaq sizə tapşırılır. O, doğma torpağı düşmən tapdağından təmizləmək üçün cəbhəyə yola düşdü. Vətənin bu dar günündə evdə oturmaq bizə yaraşmaz. Mən dəniz kənarında gəzməyi xoşlayıram. Bu mənzərəyə həyəcansız tamaşa etmək mümkün deyildi.

Feili sifər tərkibləri

Əsas tərəfi feili sifət olan tərkiblərə feili sifət tərkibləri deyilir.
Məsələn: Gündəlik dərslərə yaxşı hazırlaşan şagirdlər imtahanda çətinlik çəkmirlər. Bu cümlədəki gündəlik dərslərə yaxşı hazırlaşan feili sifət tərkibidir və əvvəlki sözlərin hazırlaşan feili sifətinə tabeliliyi yolu ilə yaranmışdır. Aşağıdakı cümlələrdə də feili sifət tərkibləri işlənmişdir:

Vətənin azadlığı uğrunda şəhid olan gənclər unudulmur. Səliqə ilə sıraya düzülmüş uşaqlar birincilərdir. İmtahanlardan 5 qiyməti alan şagirdləri yayda Türkiyəyə göndərəcəklər.

Feili bağlama tərkibləri

Bu tərkiblərin əsas tərəfi feili bağlama olur.
Məsələn: Biz kəndə çatanda axşam düşürdü – cümləsində biz kəndə çatanda  feili bağlama tərkibidir. Tərkib biz kəndə sözlərinin çatanda  feili bağlamasına tabe olması yolu ilə yaranmışdır.

Feili bağlama tərkibinə aid daha bir neçə nümunə: O, Vətəni qorumaq üçün cəbhəyə yola düşəndə on altı yaşın içində idi. Dünən axşam sahildə gəzərkən köhnə dostumu gördüm.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *