Təkmənalı və çoxmənalı sözlər

Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, sığırçın və s. kimi sözlər bir leksik mənada işlənən təkmənalı sözlərdir.

Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənaları olur. Məsələn: ayaq, ağız, dil, almaq, çəkmək və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda da işlənir:

Ayaq – uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
Ağız – quşun ağzı, qazanın ağzı, baltanın ağzı və s.
Dil – insanın dili, alovun dili, qarmonun dili və s.
Boğaz – uşağın boğazı, bardağın boğazı, çəkmənin boğazı və s.
Maşın – ət maşını, qol maşını, düşmənin təbliğat maşını və s.
Yuva – quş yuvası, quldur yuvası və s.
Tutmaq – topu tutmaq, üz tutmaq, fikri tutmaq və s.
Acı – acı dərman, acı xatirə, acı söz və s.
Ağır – ağır yük, ağır itki, ağır cəza, ağır xasiyyət və s.

Çoxmənalı sözlərdə sözün mənalarında biri əsas, qalanları isə məcazi mənada işlənir. Məsələn: adamın gözü birləşməsindəki göz sözü həqiqi mənada, bulağın gözü birləşməsindəki göz sözü məcazi mənada işlənmişdir.
Çoxmənalılıq özünü daha çox isim, sifət və feillərdə göstərir.

Dilimizdə çox işlək olan çoxmənalı sözlər əsasən bunlardır: ağ, ağız, ayaq, almaq, baş, burun, boz, bişmək, çıxmaq, dil, ətək, göz, kəsmək, kök, qaş, qara, qol, maşın üz, salmaq, soyuq, tutmaq, yaymaq, yol, yumaq, yuva, yüksək, yüngül və s.

Çoxmənalılıq təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: diş – uşağın dişi, darağın dişi; maşın – paltaryuyan maşın, təbliğat maşını, reklam maşını; lövhə – yazı lövhəsi, təbiət lövhəsi və s.

Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şəraitdir. Bu bağlılıq olmadıqda həmin sözlər çoxmənalılıq yox, omonimik xüsusiyyətini daşıyır.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *