Söz birləşmələrinin növləri

Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feili birləşmələr.

İsmi birləşmələr

İkinci tərəfi adlarla (əsasən, isim, sifət, say və isimləşmiş başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.
Məsələn: demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi, sagirdlərin oxumağı və s.

Dağlardan uca, hamıdan böyük, ürəyi qəmli, gözləri yaşıl və s. söz birləşmələri təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrdir.
İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci növ təyini birləşmələri, ikinci növ təyini birləşmələri və üçüncü növ təyini birləşmələri.

Birinci növ təyini birləşmələri

Birinci növ təyini birləşmələrinin yaranmasında heç bir morfoloji əlamət – hal və mənsubiyyət şəkilçisi iştirak etmir. Birləşmələrin ikinci (əsas) tərəfi, əsasən, isimlə ifadə olunur. Birinci (asılı) tərəf isə daha çox sifətlə, həmçinin say, əvəzlik, feili sifət isimlə ifadə olunur.
Məsələn: uca dağ, şəfalı yer, döyüşkən əsgər – sifət, isim;
beş kitab, birinci sıra, çox uşaq – say, isim;
bu kənd, həmin oğlan, belə dost – əvəzlik, isim;
açılmış gül, oynayan xalq, gələcək gün – feili sifət, isim;
taxta qapı, polad boru, dəri çanta – isim, isim və s.
Birinci növ təyini söz birləşmələrinin sxemi 1T0 + 2T0 şəklindədir.

Qeyd: I növ təyini birləşmələri 1T0+2T0  sxeminə uyğun gəlsə də, bu birləşmənin tərəfləri heç də həmişə şəkilçisiz olmur. Belə ki I növ təyini birləşmələrinin asılı tərəfi leksik şəkilçi, həmçinin feili sifət şəkilçiləri ilə işlənə bilir. Məsələn: qızğın mübahisə (I tərəfdə leksik şəkilçi var), oxuyan bülbül (I tərəf feili sifət şəkilçidir). Bu birləşmələrinin əsas (II) tərəfi isə başlanğıc formada şəkilçisiz olur. Ancaq cümlədə sonradan cəm, mənsubiyyət, hal, şəxs (xəbərlik) şəkilçilərini qəbul edə bilir. Məsələn: Onunla qızğın mübahisələrimiz olub. Bu, yeni dostlarımdandır.

İkinci növ təyini birləşmələr

İkinci növ təyini birləşmələrinin yaranmasında morfoloji əlamət – qrammatik şəkilçi iştirak edir. Birləşmələrin birinci tərəfi qeyri-müəyyən  yiyəlik halda (şəkilçisiz) olur, ikinci tərəfi isə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. İkinci növ təyini birləşmələrinin hər iki tərəfi, əsasən, isimlərdə, bəzən də sayməsdərlə ifadə olunur.
Məsələn: azadlıq mübarizəsi, vətən həsrəti, ata nəsihəti, ana heykəli, bulaq suyu, həsrət körpüsü – isim, isim;
beş arzusu – say, isim;
yaşamaq həvəsi – məsdər, isim və s.

İkinci növ təyini birləşmələrinin tərəfləri arasına söz artırmaq olmur. Bu birləşmələrin ikinci bir səciyyəvi xüsusiyyəti də hər iki tərəfin eyni zamanda cəm şəkilçisi qəbul edə bilməməsidir. Birləşmənin bir tərəfi cəmdə olduqda, o biri tərəf təkdə olur.
Məsələn: dağ çayları, çay daşları, dağlar maralı və s.
Gənclər təşkilatları, atalar sözləri, elmlər doktorları kimi bir neçə birləşmələr istinadır.

İkinci növ təyini birləşmələrinin sxemi 1T0+ 2Tm şəklindədir (birinci tərəfi şəkilçisiz, ikinci tərəfi mənsubiyyət şəkilçili_.

Üçüncü növ təyini birləşmələri

Bu birləşmələr yiyəlik hal və mənsubiyyət şəkilçiləri ilə düzəlir. Birinci tərəf yiyəlik hal şəkilçisi ilə işlənir, ikinci tərəf isə hər üç şəxsin mənsubiyyət şəkilçilərini qəbul edir. Bu birləşmələrin tərəfləri də, əsasən, isimlərlə ifadə olunur.
Məsələn: elin sərvəti, çayın kənarı,ananın arzusu, Nizaminin əsərləri – isim, isim;
mənim oxumağım – əvəzlik, məsdər;
sizin oğlunuz – əvəzlik, isim;
yaxşıların yaxşısı – sifət, sifət;
oxumağın faydası – məsdər, isim;
gələnlərin çoxu -feili sifət və say və s.

Başqa nitq hissələri bu birləşmələrin tərəfləri olduqda isimləşir.

Üçüncü növ təyini söz birləşmələrinin sxemi 1Ty + 2Tm şəklindədir (birinci tərəf yiyəlik hal şəkilçili, ikinci tərəf mənsubiyyət şəkilçili).

Üçüncü növ təyini söz birləşmələri aşağıdakı xüsusiyyətləri ilə ikinci növ təyini birləşmələrindən fərqlənir:
1. İkinci növ təyini söz birləşmələrinin ikinci tərəfi yalnız üçüncü şəxsin mənsubiyyət  şəkilçisi ilə işlənir. Üçüncü növ təyini söz birləşmələrinin eyni tərəfi isə hər üç şəxsin mənsubiyyət şəkilçilərini qəbul edə bilir.
Məsələn: mənim kitabım, sənin kitabın, onun kitabı, bizim ailəmiz, onların ailəsi və s.

2. İkinci növ təyini söz birləşmələrindən fərqli olaraq, üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasına bir neçə söz artırmaq olur.
Məsələn: məktəbin həyəti – məktəbin güllü-çiçəkli, geniş həyəti; Nizaminin “Xəmsə”si – Nizaminin hikmət xəzinəsi olan “Xəmsə”si və s.

3. İkinci növ təyini söz birləşmələrindən fərqli olaraq, üçüncü növ təyini söz birləşmələrinin tərəfləri həm ayrı-ayrılıqda, həm də hər ikisi eyni zamanda cəmlənə bilir.
Məsələn: şairlərin əlyazmaları, dağların çiçəkləri və s.

Qeyd1: Bəzən bəzən bir ismi birləşmə digərinin tərkibinə daxil olur. Bu zaman bu birləşmə bütövlükdə bir birləşmə sayılır.
Məsələn: Məktəb direktorunun sözləri birləşməsinin I tərəfi məktəb direktoru II növdür. Ancaq bu II növ təyini söz birləşməsi yiyəlik hal şəkilçisi ilə işlənib və sözləri ismi ilə əlaqəyə girərək mürəkkəb III növ təyini söz birləşməsi əmələ gətirib.

Qeyd2: Əsas tərəfi feil sifət mə məsdərlə ifadə olunan bəzi III növ formalı birləşmələr var ki, onların növü fərqlənir. Birləşmənin əsas tərəfi -dıq+mənsubiyyət şəkilçili feili sifətdirsə (sənin dediyin), bu birləşmə feili sifət tərkibi, məsdər (mənim oxumağım) və ya -an2 şəkilçili feili sifətdirsə (sinfin yaxşı oxuyanları), bu birləşmə üçüncü növ təyini söz birləşməsi sayılır.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir