Sintaktik əlaqələr

Söz birləşmələrində və cümlələrdə sözlər arasında həm mənaca, həm də qrammatik (sintaktik) cəhətdən bağlılıq olur.
Sözlərin qrammatik cəhətdən bir-biri ilə əlaqələnməsinə, bağlılığına sintaktik əlaqə deyilir.
Sintaktik əlaqənin iki növü var: tabesizlik tabelilik əlaqəsi.

Tabesizlik əlaqəsi

Bu əlaqə qrammatik cəhətdən bərabərhüquqlu sözlər və cümlələr arasında olur. Məsələn: Vətənə dözümlü iradəli igidlər gərəkdir. O, gülləri, çiçəkləri sevir. Ana nağıl danışır, uşaq isə qulaq asırdı və s.

Bu cümlələrdəki dözümlü sözü ilə iradəli; gülləri sözü ilə çiçəkləri sözü; Ana nağıl danışıruşaq isə qulaq asırdı cümlələri arasında tabesizlik əlaqəsi var. Həmin sözlər və cümlələr bərabərhüquqludur və qrammatik cəhətdən eyni formalıdır. Tabesizlik əlaqəsi ya cümlənin həmcins üzvləri arasında, ya da tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur. Bu əlaqə ya intonasiyanın, ya da tabesizlik bağlayıcılarının köməyi ilə yaranır.
Məsələn: Azərbaycan şairlər, sənətkarlar yurdudur (intonasiya ilə). Otaqda oğlanlar və qızlar var (tabesizlik bağlayıcısı ilə).

Tabelilik əlaqəsi

Bu əlaqə ilə bağlanan sözlərdən biri o birinə tabe olur. Tabelilik əlaqələsində tərəflərdən biri əsas (tabeedici söz), o biri isə asılı (tabe söz) adlanır. Tabelilik əlaqəsinin üç növü var: uzlaşma, idarə, yanaşma.

Uzlaşma əlaqəsi

Asılı sözün əsas sözlə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına, uzlaşmasına – uzlaşma əlaqəsi deyilir.
Məsələn: Mən şagirdəm, mən yazıram cümlələrində, eləcə də mənim işim birləşməsində əsas söz (mən, mənim) birinci şəxsin tərkibində olduğu üçün asılı sözlər (şagird, yazıram, işim) həmin şəxsə məxsus şəxs (xəbərlik) şəkilçilərini və mənsubiyyət şəkilçisini qəbul etmiş və onunla şəxsə və kəmiyyətə görə uzlaşmışdır. Əsas sözlər dəyişdikdə tabe sözlər də ona uyğun olaraq dəyişəcəkdir.
Məsələn: Biz şagirdik, Onlar şagirddilər, Siz yazırsınız, onun işi və s.

Uzlaşma əlaqəsi cümlədə, əsasən, mübtəda ilə xəbər arasında olur. Bu zaman mübtəda əsas (tabeedici) söz, xəbər isə asılı (tabe) söz olur, yəni xəbər mübtədadan asılı olur – onunla şəxsə və kəmiyyətə görə uzlaşır.

Uzlaşma əlaqəsinin mübtəda ilə xəbər arasındakı qrammatik göztəricisi (morfoloji əlaməti) – şəkilçisi şəxs sonluqlarıdır. Mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma həmişə gözlənilir. İstisna hal olaraq, xəbər II III şəxsə aid  əvəzliklərlə ifadə olunduqda mübtəda ilə şəxsə görə uzlaşma da pozula bilir.
Məsələn: Gələn mənəm. Günahkar sizsiniz və s.
Mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma isə üçüncü şəxsin cəmində bəzən pozulur.
Məsələn: Şagirdlər gəlirlər cümləsində həm mübtəda, həm də xəbər cəmdədir. Deməli, kəmiyyətə görə uzlaşma var. Yarpaqlar töküldü cümləsində isə mübtəda cəmdə, xəbər isə təkdədir. Deməli, bu cümlədə əvvəlki cümlədən fərqli olaraq, uzlaşma pozulmuşdur.

Uzlaşma əlaqəsi II III növ təyini söz birləşmələrinin tərəfləri arasında  da olur. Bu birləşmələrdə birinci tərəflər əsas (tabeedici) söz, ikinci tərəflər isə asılı söz olur. İkinci tərəflər birinci tərəflə şəxsə və kəmiyyətə görə uzlaşır.
Məsələn: məktəb həyəti, məktəbin həyəti, şagirdlərin kitabları, mənim evim və s.

İkinci növ təyini söz birləşmələrinin birinci tərəfi şəxs əvəzlikləri ilə ifadə oluna bilmədiyi üçün uzlaşma yalnız üçüncü şəxsə görə olur.
Məsələn: ana ürəyi, ata nəsihəti, uşaq paltarı, dərs kitabı, pəncərə şüşəsi və s. Üçüncü şəxsin cəmində kəmiyyətə görə uzlaşma çox vaxt olmur. Məsələn: onların evi (atası, dostu) və s.

Uzlaşma əlaqəsinin IIIII növ təyini söz birləşmələrində qrammatik göstəricisi mənsubiyyət şəkilçiləridir. Ümumiyyətlə götürdükdə isə, uzlaşma əlaqəsinin qrammatik göstəriciləri şəxs sonluqları və mənsubiyyət şəkilçiləridir.

Uzlaşma əlaqəsində, adətən, əvvəl əsas söz, sonra isə asılı söz işlənir.

İdarə əlaqəsi

Bu əlaqədə asılı söz əsas sözün tələbi ilə ismin hal şəkilçilərini qəbul edir. Məsələn: Uşaq məktəbdən evə gəldi cümləsində gəldi tabeedici sözünün tələbi ilə tabe sözlər – məktəbev sözləri ismin adlıq halından çıxıb, çıxışlıq yönlük halının şəkilçilərini qəbul etmişdir:

məktəbdən → gəldi     evə → gəldi

Mən dünən dostumu bağda gördüm cümləsində isə idarə əlaqəsi aşağıdakı sözlər arasındadır:

dostumu → gördüm     bağda → gördüm

Göründüyü kimi, ikinci tərəfdə verilmiş gördüm sözü burada tabeedici sözdür. O, tabe sözləri (dostumu, bağda) idarə əlaqəsi ilə özünə tabe etmişdir.

İdarə əlaqəsində əsas söz çox vaxt feil olur. Feillər ismin adlıq və yiyəlik hallarından başqa, qalan hallarda olan sözləri idarə edir. Bu əlaqədə asılı söz isə isim və ya substantivləşmiş (isimləşmiş) başqa nitq hissələri olur. Aşağıdakı birləşmələrdə də idarə əlaqəsi var: oxumağa meyil, böyüyə hörmət, hamıdan ağıllı, gedəni qaytarmaq və s.

İdarə əlaqəsində, bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. İdarə əlaqəsinin qrammatik göstəriciləri – şəkilçiləri hal şəkilçiləridir.

İdarə əlaqəsi III növ təyini söz birləşmələrinin tərəfləri arasında da olur. Bu zaman yiyəlik halda olan söz asılı söz, mənsubiyyət şəkilçili söz isə əsas söz olur.
Məsələn:
onun → oxumağı,     kitabın → cildi,
gülün → ətri,             dağın → havası,
bizim → sinfimiz,      uşağın → oyuncağı,
mənim → otağım,    sizin → eviniz və s.

Cümlə üzvlərindən hal şəkilçili tamamlıqla xəbəryer zərfliyi ilə xəbər arasında idarə əlaqəsi olur.

Qeyd 1: Hal şəkilçili səbəb və məqsəd zərflikləri də xəbərə idarə əlaqəsi ilə bağlanır. Mən şəhərə gəzməyə (nə məqsədlə?) gedirəm. İstidən (niyə?) tərləmişəm.

Qeyd 2: Sizin güldüyünüz, onların dediyi tipli feili sifət tərkibləri formaca III növə bənzədiyindən onların da tərəfləri arasında həm uzlaşma, həm də idarə əlaqəsi var.

Yanaşma əlaqəsi

Yanaşma əlaqəsinin heç bir qrammatik göstəricisi – şəkilçisi yoxdur. Bu əlaqədə asılı söz heç bir qrammatik şəkilçi qəbul etmədən əsas sözə yanaşaraq, ona tabe olur.
Məsələn: əlaçı şagird  birləşməsində əlaçı sözü heç bir qrammatik şəkilçinin köməyi olmadan şagird sözünə tabe olub, onu təyin edir. Azad ölkə, yaşıl çəmən, üç uşaq, həmin oğlan, uçan quş və s. kimi birinci növ təyini söz birləşmələrində; tez-tez sual vermək, çox danışmaq, yavaşca demək, sakitcə oturmaq, durub baxmaq və s. kimi feili birləşmələrdə də sözlər arasında yanaşma əlaqəsi vardır.

Yanaşma əlaqəsinin əsas əlaməti sözlərin sırasıdır. Bu əlaqədə həmişə tabe söz tabeedici sözdən əvvəl gəlir. Yanaşma əlaqəsi daha çox birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında və zərfliklə xəbər arasında özünü  göstərir. Zərfliklə xəbər arasındakı əlaqə növündə xəbər əsas söz olur. Məsələn: Evə axşam gəldim. Uşaq qaça-qaça gəldi. Maşın sürətlə şütüyür və s. Bu cümlələrdəki zərfliklər heç bir qrammatik şəkilçinin köməyi olmadan xəbərlərə yanaşaraq, onlara tabe olmuşdur.

Aşağıdakı cümlə üzvlərinin də arasında yanaşma əlaqəsi olur:

təyin → mübtəda        təyin → tamamlıq
təyin → ismi xəbər      təyin → təyin
təyin → zərflik              zərflik → xəbər

Qoşmalı vasitəli tamamlıqla xəbər arasında da yanaşma əlaqəsi olur.
Məsələn: Mağazaya atamla (kim ilə?) getdim.

Aşağıdakı cümlədə həm tabesizlik əlaqəsi, həm də tabelilik əlaqəsinin hər üç növü vardır:
Bizdən uzaqlaşan aylar, illər şirin xatirələrə çevrilir. Cümlədəki aylar, illər sözləri arasında tabesizlik əlaqəsi vardır. Həmin sözlərlə çevrilir sözünün arasındakı əlaqə uzlaşmışdır, Bizdən sözü uzaqlaşan sözünün tələbi ilə; xatirələr sözü isə çevrilir sözünün tələbi ilə idarə olunmuşdur. Uzaqlaşan sözü aylar, illər sözlərinə; şirin sözü xatirələr sözünə yanaşma əlaqəsi ilə tabe olmuşdur.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir