Sifətin müqayisə dərəcələri

Sifəti başqa nitq hissələrindən fərqləndirən əlamətlərdən biri də onun dərəcə bildirməsidirş Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal və şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki əşyaların keyfiyyət və əlaməti – şirinliyi və sarılığı eyni dərəcədə deyil. Bu baxımdan sifətin müqayisə dərəcələri vardır.
Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə sifətin üç dərəcəsi var:
1. Adi dərəcə;  2. Azaltma dərəcəsi;  3. Çoxaltma dərəcəsi.

Sifətin müqayisə dərəcəsi- Adi dərəcə

Əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfologi əlaməti, qrammatik şəkilçisi yoxdur. Məsələn: ağ, qara, şirin, sərin, böyük və s. Adi dərəcədə olan sifətlər dilimizdə çoxluq təşkil edir. Adi dərəcə başqa dərəcələr üçün olçü, meyar rolunu oynayır. Adi dərəcə olmasa, azaltma və çoxaltma dərəcələrini müəyyən edə bilmərik. Deməli, sifətin azaltmaçoxaltma dərəcələri adi dərəcə əsasında yaranır və müəyyən edilir.

Sifətin müqayisə dərəcəsi – Azaltma dərəcəsi

Əlamətin adi haldan az olduğunu bildirir. Azaltma dərəcəsi iki üsulla düzəlir.

1. Morfoloji üsulla. Adi dərəcədə olan sifətlər aşağıdakı şəkilçiləri artırmaqla:
-ımtıl4: ağ-ımtıl, göy-ümtül, sarı-mtıl və s.
-ımtraq (-mtraq): ağ-ımtraq, sarı-mtraq və s.
-sov (-ımsov, -ümsov): uzun-sov, ağ-ımsov və s.
-şın: sarı-şın, qara-şın və s.
-raq, -rək: yaxşı-raq, gödə-rək (bu sözün kökündə k samiti düşmüşdür)
-yanız: qara-yanız, sarı-yanız və s.

2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis işarəsi qoyulur: açıq-qırmızı, aşıq-sarı və s.
Bəzi sifətlərin əvvəlində işlənən az, ala, təhər sözləri də azaltma dərəcəsi məzmununu bildirir: az şirin, ala-yarımçıq, göytəhər və s.

Açıq sözü sözlərdən ayrı və ya bitişik yazılarkən azaltma dərəcəsi əmələ gətirmir. Məsələn: Qardaşım açıq çayı çox sevir, Arif açıqürəkli oğlandır və s.

Bu söz açıq-aşkar və açıq-aydın (bu sifətlər adi dərəcədədir) sifətləri istisna, digər sifətlərin önünə artırılıb defislə yazıldıqda isə azaltma dərəcəsi əmələ gətirir. Məsələn: açıq-sarı, açıq-göy və s.

Sifətin müqayisə dərəcəsi – Çoxaltma dərəcəsi

Əlamətin adi haldan çox olduğunu bildirir. Çoxaltma dərəcəsi də azaltma dərəcəsi kimi iki üsulla düzəlir:

1. Morfologi üsulla. Çoxaltma dərəcəsində olan sifətlıər bu üsulla iki qayda ilə düzəlir:
a) Adi dərəcədə olan sifətlərin sonuna -ca2 ədatının şəkilçiləşmiş formasını artırmaqla: xırda-ca, körpə-cə və s.

b) Sifətin ilk hecasının son samitinin m, p, r, s samitlərindən biri ilə əvəz olunması və sifətin təkrar ona qoşulması ilə: göy – göm+göy, qırmızı – qıp+qırmızı və s. Sifətin ilk hecası saitlə bitərsə, bu samitlərdən biri həmin hecaya qoşulur: yaşıl – yam+yaşıl, sarı – sap+sarı və s.

Ağ sözü isə çoxaltma dərəcəsində ağappaq şəklində işlənir. Bu üsulla yaranan büsbütün, bumbuz sözləri Çoxaltma dərəcəli sıfətlər deyil.

2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox, daha, olduqca ədatlarından biri, düm hissəciyi və ziltünd sözləri artırılır.

Ədatlar və zil sözü ayrı, düm hissəciyi bitişik, tünd isə defislə yazılır: ən gözəl, lap yaxşı, çox maraqlı, daha ağıllı, olduqca bacarıqlı, zil qara, dümağ və s.

Facebook Comments

One comment

Şərh yazın

Your email address will not be published. Required fields are marked *