Sadə cümlənin növü

Sadə cümlənin şəxsə görə (şəxs dedikdə qrammatikada mübtəda nəzərdə tutulur) aşağıdakı növləri var:
1. Müəyyən şəxsli cümlələr.
2. Qeyri-müəyyən şəxsli cümlələr.
3. Ümumi şəxsli cümlələr.
4. Şəxssiz cümlələr.

Müəyyən şəxsli cümlələrdə həm mübtəda, həm də xəbər olur; sonrakı üç cümlə növündə isə xəbər olur, mübtəda olmur.

Müəyyən şəxsli cümlələr

Müəyyən şəxsli cümlələrin bu xüsusiyyətləri var:
1.Mübtəda cümlədə iştirak edir. Hava sakit və mülayim idi. Bir yarpaq da tərpənmirdi.
2. Mübtəda cümlədə iştirak etmir, ancaq cümlənin şəxsi təsəvvür edilir və cümləyə mübtəda əlavə etmək mümkün olur. Məsələn: Qəzeti aldım və oxudum. Bu cümlədə mübtəda yoxdur, lakin xəbərlərə baxaraq hərəkətin I şəxs tərəfindən icra edildiyini görürük. Bu cümləyə həmin şəxsi bildirən mən əvəzliyini artıraraq mübtəda gətirə bilərik. Məsələn: Mən qəzeti aldım və oxudum. Hər iki halda göstərilən cümlələr müəyyən şəxsli cümlə hesab olunur. Buna əsasən müəyyən şəxsli cümlələr iki yerə ayrılır.
1. Mübtədalı müəyyən şəxsli cümlələr.
2.Mübtədasız müəyyən şəxsli cümlələr.

Müəyyən şəxsli cümlələrin mübtədaları şəxslərin üçünün də tək və cəminə aid sözlərlə ifadə oluna bilər. Buna uyğun olaraq, cümlənin də xəbəri şəxs və kəmiyyətə görə dəyişir:

Mən oxuyuram. Biz oxuyuruq.
Sən oxuyursan. Siz oxuyursunuz.
O oxuyur. Onlar oxuyurlar.

Mübtədasız müəyyən şəxsli cümlələrin də xəbərləri şəxsə və kəmiyyətə görə dəyişir:
Kitab oxuyuram. Kitab oxuyuruq.
Kitab oxuyursan. Kitab oxuyursunuz.

Buraxılmış mübtəda III şəxsdə olduqda onu əvvəlki cümləəsasında müəyyənləşdirmək olur:

– Azər nə edir?
– Bağda işləyir.

Müəyyən şəxsli cümlələr nitqdə daha çox işlənir.

III şəxsdə mübtəda insanlara aid sözlərlə ifadə olunduğu kimi, başqa canlılara, cansız əşyalara aid olan sözlərə də ifadə oluna bilir. Həmin cümlələr də müəyyən şəxsli cümlə sayılır. Məsələn: Yağış gölməçəsindən bir ceyran su içirdi.

Müəyyən şəxsli cümlələrin xəbərləri bütün əsas nitq hissələri ilə; feilin bütün zamanlarında, şəkillərində olan feillərə ifadə oluna bilir.

Müəyyən şəxsli cümlələr ikinci dərəcəli üzvlərin iştirakına görə iki yerə bölünür: müxtəsər, geniş.

Yalnız baş üzvlərdən ibarət olan cümlələr müxtəsər cümlə, baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlərin də iştirak etdiyi cümlələr isə geniş cümlə sayılır.

Qeyri-müəyyənşəxsli cümlə

Hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən sadə cümlələrə qeyri-müəyyən şəxsli cümlə deyilir.

Belə cümlələrin xəbəri, əsasən, feillə ifadə olunur və III şəxsin cəmində olur. Məsələn: Qapını döyürlər. Bizi gözləyirlər. Yaxınlığımızda yeni binalar tikirlər və s.
Bu cümlələrdə döyürlər, gözləyirlərtikirlər xəbərlərinin mübtədalarını müəyyənləşdirmək çətindir, çünki hərəkət qeyri-müəyyən şəxslərə aiddir. Belə cümlələrdə işin icraçısı adətən bir və ya bir qrup şəxsdən ibarət olur, lakin həmin şəxslər qeyri-müəyyən olur və cümlədə bir mübtəda kimi öz ifadəsini tapa bilmir. Əslində, bu cümlələrdə danışanı və dinləyəni işin icraçısı yox, işin özü, proses maraqlandırır.

Qeyri-müəyyən şəxsli cümlələrdə çox vaxt elə bil, elə bil ki, sanki, deyəsən, guya ki sözləri işlənir. Belə cümlələrdə işin icraçısı qeyri-müəyyən yox, qeyri-real olur.
Qeyri-müəyyən şəxsli cümlələr, əsasən, geniş olur, çünki cümlədə, adətən, xəbərlə bağlı ikinci dərəcəli üzvlər də iştirak edir.

Qeyd 1: Bütün qeyri-müəyyən şəxsli cümlələrin xəbəri III şəxsin cəmində olduğu halda, xəbəri III şəxsin cəmində olan bütün cümlələr Qeyri-müəyyən şəxsli olmaz; məsələn: Uşaqlaq məktəbin bağında işləyirdilər – cümləsi müəyyən şəxslidir.

Qeyd 2:  Xəbərdəki şəxs şəkilçisinə əsasən, Qeyri-müəyyən şəxsli cümlələrə mübtəda kimi onlar sözünü artırmaq olar, lakin konkret məna ifadə edə bilmədiyindən, belə bir sözün artırılması düzgün deyil.

Ümumi şəxsli cümlə

Hərəkət və ya hökmün eyni zamanda hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsli cümlə deyilir.

Ümumi şəxsli cümlələrdə iş görən konkret şəxs kimi deyil, ümumi şəkildə nəzərdə tutulur: İşləməyənə tənbəl deyərlər.

Əvvəl düşün, sonra danışın. Yüz ölç, bir biç. Günü günə satmazlar. Gügəni payızda sayarlar. Bu günün işini sabaha qoyma və s.

Nümunələrdən göründüyü kimi, ümumi şəxsli cümlələrin xəbəri bir qayda olaraq, II şəxsin təkində və III şəxsin cəmində olur. Ancaq bu cümlələrdəki iş II şəxsin təkinə və III şəxsin cəminə deyil, hamıya – hər üç şəxsin təkinə və cəminə aid olur. Ümumi şəxsli cümlələr ümumiləşmiş mənalar ifədə edir, buna görə də daha çox atalar sözlərindən, məsəllərdən və hikmətli sözlərdən (aforizmlərdən) ibarət olur. Mübtədası olan atalar sözü və məsəllər isə ümumi şəxsli yox, müəyyən şəxsli cümlə hesab edilir.

Ümumi şəxsli cümlələr də, əsasən geniş olur, istisna hallarda müxtəsər də ola bilir.

Qeyd 1: Gördüyünüz kimi, qeyri-müəəyən şəxsli cümlələrin hamısının, ümumi şəxsli cümlələrin isə bir qisminin xəbəri III şəxsin cəmində olur. Bunları fərqləndirmək üçün cümlələrin mənasına diqqət yetirmək lazımdır: qeyri-müəyyən şəxsli cümlələrdə işin icraçısı bir və ya bir qrup qeyri-müəyyən şəxsə aid olur; məsələn: Bizə mərkəzdən yazırlar. Ümumi şəxsli cümlələr isə hamıya, hər yerdə, həmişə aid olan işi bildirir; məsələn: Qaranlıq yerə daş atmazlar.

Qeyd2: Mübtədası hamı sözü olan cümlələr müəyyən şəxslidir. Belə cümlələr ifadə etdiyi işin icrası hamıya aid olan ümumi şəxsli cümlələrlə qarışdırmamalıdır.

Şəxssiz cümlə

Mübtədası olmayan və onun təsəvvür edilməsi qeyri-mümkün olan sadə cümlələrə şəxssiz cümlələr deyilir.
Şəxssiz cümlələrin xəbəri III şəxsin təkində olur. Belə cümlələrin xəbəri feili xəbərlər və ya adlarla ifadə olunan ismi xəbərlər olur. Məsələn: Axşamdır. Sərhəddə sakitlikdir. Gözəl bir yaz günü idi. Məsələyə baxılacaq və s.

Şəxssiz cümlələrin xəbəri feili frazeoloji birləşmələrlə də ifadə oluna bilir. Məsələn: Kişinin ona acığı tutdu. Ananın ona yazığı gəldi. Ondan mənim xoşum gəlir və s.

Şəxssiz cümlələr müxtəsər və geniş ola bilir. Məsələn: İstidir. Soyuqdur (müxtəsər). Bazarda bahalıqdır. Dünən mayın son günü idi (geniş).

Facebook Comments

3 comments

    1. nə istədiyinizi bilmək olar?Sadə cümlənin 4 növü haqqında yazılıb, amma siz istədiyinizi tapa bilmədiniz?

Şərh yazın

Your email address will not be published. Required fields are marked *