Qoşasaitli sözlərin yazılışı

Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır.

Bu tipli sözlərdəki sait qoşalığı ya iki eyni saitdən, ya da iki müxtəlif saitdən ibarət olur. Bu səbəbdən sözlərdəki sait qoşalığının iki növü fərqləndirilir.
1. Eyni sait qoşalığı
2. Müxtəlif sait qoşalığı

Eyni sait qoşalığı, əsasən, sözün ortasında, bəzən də sonunda; müxtəlif sait qoşalığı isə sözlərin həm avvalində, həm ortasında, həm də sonunda olur. Məsələn: saat, təəcub, sait, ailə, zoologiya, müəzzin, səadət, poeziya, müdafiə, rübai, aeroport və s.

Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir:
1. Eynicinsli qoşa saitləri ifadı edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: maaş – 〈ma:ş〉, camaat – 〈cama:t〉, təbii – 〈təbi:〉 və s.
Lakin eynicinsli qoşa 〈o〉 saiti isə iki a şəklində tələffüz olunur. Məsələn: koordinasiya 〈k‘ardinasiya〉, kooperasiya 〈k’aperasiya〉 və s. 

2. Tərkibində ai, əi, iə, (bəzən də o, ia, iu, eə, aü, ea) hərf birləşmələri olan sözlər bu saitlərin arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə – 〈a:yilə〉, daimi – 〈da:yimi〉. zəif – 〈zəyif〉, Səidə – 〈Səyidə〉 və s.

3. Tərkibində əa, üa, üə harf birləşmələri olan sözlərdə birinci sait deyilmir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: fəaliyyət – 〈fa:liyət〉, müavin – 〈ma:vin〉, müəllim – 〈mə:llim〉 və s. 

Qeyd: Əliağa, əmioğlu, əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzundə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur. Əliağa – Əlağa, əmioğlu – əmoğlu, əliaçıq – əlaçıq və s.

Qeyd: Sücaət, fauna, raund, xaos, qənaət, pauza, macmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət, memuar, qiraət, aktual və s. kimi qoşasaitli sözlərdə bu halların heç biri baş vermir.

 

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir