Mürəkkəb cümlə, mürəkkəb cümlənin rolu

Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir. Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Göy guruldadı. Yağış yağdı. Yaz gəlir. Təbiət oyanır. Quşların səsi eşidilir – cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar.Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyanır, quşların səsi eşidilir. Nümunələrdən göründüyü kimi, bu iki mürəkkəb cümləni təşkil edən sadə cümlələr bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən bağlanır və bütövlükdə vəhdət halında birləşərək bitkin bir fikir ifadə edir.

İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən ibarət olan cümlələrə mürəkkəb cümlə deyilir.

Mürəkkəb cümlənin növləri

Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanlr: tabesizlik əlaqəsi ilə, tabelilik əlaqəsi ilə.

Tabesizlik əlaqəsi ilə bağlanan sadə cümlələr bərabərhüquqlu olur, yəni biri o birindən qrammatik cəhətdən asılı olmur. Belə cümlələrin birləşməsindən tabesiz mürəkkəb cümlələr yaranır. Məsələn: Ata gəldi, uşaqlar onun qabağına qaçdılar. Sentyabr başlanır, müəllimlərin qayğıları artır.

Tabelilik əlaqəsi ilə bağlanan sadə cümlələr isə bərabərhüquqlu olmur: tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, o birisi isə ondan asılı olur. Belə cümlələrin birləşməsindən tabeli mürəkkəb cümlələr yaranır. Məsələn: Müəllim hiss etdi ki, uşaqlar yorulublar. Mən bu xəbəri dostuma çatdıra bilnədim, çünki o, kəndə getmişdi və s.

Bu mürəkkəb cümlələrin tərkibindəki birinci sadə cümlələr qrammatik cəhətdən müstəqil, ikincilər isə ondan asılıdır.

İkinci sadə cümlələr birinciləri aydınlaşdırır və tamamlayır. Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasındakı bu cür bağlılıq tabelilik əlaqəsidir. Belə mürəkkəb cümlələr tabeli mürəkkəb cümlə adlanır.

Deməli, mürəkkəb cümlələr onları təşkil edən sadə cümlələr arasında sintaktik bağlılığa görə iki növə bölünür: tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr.

Qeyd: Bəzən eyni cemlə intonasiyasından asılı olaraq həm tabesiz, həm də tabeli mürəkkəb cümlə  kimi düşünülə bilər. Məsələn: Günortadan yarım saat keçirdi, Xudayar bəy şəhərə yetişdi cümləsini həm zaman əlaqəli tabesiz, həm də zaman budaq tabeli mürəkkəb cümlə kimi düşünmək olar.

 

 

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *