Modal sözlər

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə modal sözlər deyilir. 
Modal sözlərin mənaca aşağıdakı növləri vardır:
1. Təsdiq bildirən modal sözlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, düzü, yaxşı və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da,insan gücü tükənməzdir və s.

2. Güman və şübhə bildirən modal sözlər: gərək ki, yəqin (yəqin ki), görünür, ehtimal ki, deyəsən, bəlkə, güman ki, olsun ki, və s.
Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir.

3. Nəticə, ümumiləşdirmə bildirən modal sözlər: deməli, yaxşı, demək, xülasə, beləliklə, ümumiyyətlə, bir sözlə, nəhayət və s.
Məsələn: Deməli, qərarımız qətidir. Beləliklə, biz oranı tərk etməli olduq və s.

4. Fikrin mənbəyini bildirən modal sözlər: məncə, səncə, bizcə, fikrimizcə və s.
Məsələn: Məncə, o, yalan danışmır. Fikrimizcə, bu məsələnin həlli asandır.

5. Sıra və ardıcıllıq bildirən modal sözlər: birinci, əvvəla, ikincisi və s.
Məsələn: Birincisi, o, hələ uşaqdır, ikincisi də, günahkar özünsən.

6. Bənzətmə və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil, elə bil ki və s.
Məsələn: Sanki ona dünyanı bağışladılar. Elə danışır, elə bil ki uşaqdır və s.

7. Təəssüf bildirən modal sözlər: təəssüf ki, heyif ki, əfsus ki və s.
Məsələn: Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk.

Modal sözlər quruluşca sadəmürəkkəb olur. Bir sözdən ibarət olan modal sözlər quruluşca sadədir: əlbəttə, deyəsəsn xülasə, deməli, görünür və s. Bəlkə də, doğrudan da, şübhəsiz ki, bir sözlə, ola bilsin ki, və s. isə mürəkkəb modal sözlərdir.

Modal sözlər cümlə uzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilir.
Bütün modal sözlər ayrı yazılır.
Görünür, deyəsən, demək, deməli,olmaya, demə, görəsən sözləri həm feil, həm də modal söz kimi işlənə bilir. Xülasənəhayət sözü isə həm isim (məsələn,gəzetlərin xülasəsi, işin nəhayəti) həm də modal söz kimi işlənə bilir.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir