Feilin qrammatik məna növləri

Feilin qrammatik məna növləri danışan şəxsin (iş görənin-subyektin) üzərində iş görülən əşya ilə (obyektlə) qarşılıqlı münasibətini bildirir. Burada subyektin məlum olub-olmaması, işin subyektin öz üzərində görülməsi və ya qarşılıqlı-birgə şəkildə yerinə yetirilməsi əsas götürülür. Bu baxımdan feilin aşağıdakı qrammatik məna növləri var: məlum növ, qayıdış növ, qarşılıq-birgəlik növ, icbar növ, məchul növ.

Məlum növ

Bu növdə iş görən məlum olur. Məlum növün xüsusi şəkilçisi yoxdur. Məlum növ feillərdə iş görənin məlum olması ön plandadır. Məlum növdə olan feillər həm təsirli, həm də təsirsiz olur. Məsələn: Uşağı (kimi?) çağır. Məktubu (nəyi?) yazdım (təsirli). Kitaba (nəyə?) bax. Bağda (harada?) dincəlirik (təsirsiz) və s. Feilin məlum növü quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilir. Digər növlər isə ya düzəltmə, ya da mürəkkəb olur.

Qayıdış növ

Bu növdə də iş görən məlum olur, lakin iş subyektin öz üzərində görülür. Qayıdış növ feillər, əsasən, -ıl4, ın4 (-n) şəkilçiləri vasitəsi ilə düzəlir. Məsələn: Gül aç+ıl+dı. Duman çək+il+ir. Uşaq yu+yun+ur və s.
Qayıdış növ feillər, bir qayda olaraq, təsirli feillərdən düzəlir, təsirsiz olur. Məsələn: çəkmək (nəyi?) – çək+il+mək (haraya?), Düşmən geriyə çəkilir. döymək (nəyi?) – döy+ün+mək (harada?). Sinəmdə qəlbim döyünür və s.
Təsirli feillərdən düzəlib təsirli olaraq qalan geyinməksoyunmaq feilləri də qayıdış növdədir. Qızınmaq, durulmaq feilləri isə təsirsiz feildən yaranmış qayıdış növ feillərdir.

Qarşılıq-birgəlik növ

Bu növ feillər iş və hərəkətin ya qarşı-qarşıya, ya da birgə icrasını bildirir. Qarşılıq-birgəlik növdə olan feillər -ış4, (-ş) şəkilçisi ilə düzəlir. Məsələn: Biz ya+zı+şı+rıq, gül+uş+ür+ük. Quzular mələ+ş+ir və s. Qarşılıq bildırən feillər, əsasən, təsirli feillərdən düzəlir və təsirsiz olur. Məsələn: Biz vur+uş+ur+uq. Qoçlar döy+üş+ür və s. Birgəlik bildirən feillər isə, əsasən, təsirsiz feillərdən düzəlir və təsirsiz olaraq qalır. Məsələn: Uşaqlar gül+üş+ür, ağla+ş+ır və s.

Qarşılıq-birgəlik növlü feillərə bənzəyən yarışmaq, güləşmək, barışmaq, çalışmaq, alışmaq,qarışmaq, sözləşmək, məsləhətləşmək kimi feillərdə məna olsa da, qarşılıq-birgəlik növün şəkilçisi işlənmədiyindən həmin feillər məlum növ sayılır.

Yığışmaq, toplaşmaq feilləri təsirli feildən yaransa da, birgəlik, baxışmaq feili isə təsirsiz feildən düzəlsə də, qarşılıq növdədir.

İcbar növ

İcbar növ feillərdə iş və hərəkəti danışan (ya da haqqında danışılan) şəxs yox, başqası icra edir. Bu növ feillər təsirli feillərə -dır4, bəzən də -t şəkilçisini artırmaqla düzəlir. Məsələn: Məktubu yaz+dır+dım. Çəkməni sil+dir+ər+sən. Otağı döşə+t, bəzə+t. Məktubu oxu+t və s. Bu şəkilçilər təsirsiz feillərə qoşulduqda icbar nöx yox, təsirsiz feildən təsirli feil düzəlir. Məsələn: Biz onu inan+dır+dı+q. (İş görən bizik). Mən uşağı gül+dür+dü+m. (İşi görən mənəm). və s. Belə feillərdən icbar növ düzəltmək üçün onlara yenidən icbar növün şəkilçisini artırmaq lazımdır. Məsələn: Uşağı dül+dür+t. Onu yerində otur+t+dur və s.

İcbar növ feilin yeganə növüdür ki, bir qayda olaraq, təsirli feillərdən düzəlir və təsirli olaraq qalır. 

Məchul növ

Bu növ feillərdə işgörən qrammatik cəhətdən məlum olmur. Məchul növ feillər təsirli feillərə   -ıl4, -ın4 (-n) şəkilçilərini artırmaqla düzəlir. Məsələn: Məktub yaz+ıl+dı. İş gör+ül+dü və s.

Məchul növ feillər də, əsasən, təsirsiz olur. Məsələn: Ağac əkildi. Qapı döyüldü. Pay bölündü və s.
Məchul növ feillər də qayıdış növ feillər kimi –ıl4-ın4 şəkilçiləri ilə düzəldiyi üçün ona oxşayır. Lakin məchul növdə iş görən məlum olmur, qayıdış növdə isə iş görən məlumdur. Məsələn: Otaq bəzəndi (məchul növ). Qız bəzəndi (qayıdış növ). Yun darandı (məchul növ). Əsgər irəli atıldı (qayıdış növ).

Bir neçə feil məchul növdə -ıl4, qayıdış növdə isə -ın4 şəkilçisini qəbul edir.Məsələn: Qapı döyüldü (məchul növ). Qəlbim döyündü (qayıdış növ). Paltar yuyuldu (məchul növ). Uşaq yuyundu (qayıdış növ) və s.

-ıl4 -ın4 şəkilçiləri iki növün düzəlməsində iştirak etdiyi üçün omonim şəkilçilərdir.

Qeyd: Felin qrammatik məna növlərində şəkilçi ilə mənanın vəhdəti vacib məsələlərdən biridir. Məsələn: Rəfiqələr bir-birini qucaqladılar cümləsində feil mənaca qarşılıqnövə bənzəsə də, əslində məlum növdədir Çünki qucaqladılar feilində qarşılıq növün mənası olsa da, şəkilçi yoxdur. Yaxud bildirmək feili təsirlik feilə -dir şəkilçisi artırmaqla düzəlsə də, bu feildə icbar növün mənası yoxdur. Deməli, bu feil də məlum növdədir.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir