Feillərin leksik mənaca, əsasən, aşağıdakı növləri var:
1. İş bildirən feillər: doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s.
2. Hərəkət bildirən feillər: qaçmaq, oynamaq, qalxmaq, enmək və s.
3. Nitq bildirən feillər: danışmaq, dinləmək, pıçıldamaq və s.
4. Təfəkkür bildirən feillər: xatırlmaq, düşüunmək, yada salmaq, fikrə dalmaq, duymaq, hiss etmək və s.
5. Hal-vəziyyət bildirən feillər: gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
Bütün feillərdə hərəkət vardır, lakin onların bəzilərində iş və hərəkət, digərlərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir.
Feilin quruluşca növləri
Feillər quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb.
Sadə feillər bir kökdən ibarət olur. Məsələn: yaz, oxu(du), qaç, get və s.
Dilimizdə bütün feillər milli sözlərdir.
Düzəltmə feillər
Sözdüzəldici (leksik) şəkilçilərin köməyi ilə düzələn feillər düzəltmə feillər adlanır.
Düzəltmə feillər hansı nitq hissəsindən düzəlməsinə görə iki qrupa bölünür:
I Adlardan (isim, sifət, say və s.) yaranan düzəltmə feillər.
II Feildən düzələn düzəltmə feillər.
Adlardan düzələn düzəltmə feillər bu şəkilçilərin köməyi ilə düzəlir:
-la2: baş-la(maq), göz-lə(mək), iti-lə(mək), irəli-lə(mək) və s.
-lan2: ağıl-lan, dil-lən, tük-lən və s.
-laş2: dost-laş, bir-ləş və s.
-al2 (-l): sağ-al, qara-l, düz-əl və s.
– ar2: ot-ar, ağ-ar, göy-ər və s.
-a2: qan-a, boş-a, əl-ə və s.
-i4: bərk-i, turş-u və s.
Nümunələrdən göründüyü kimi, -al2 və -ar2 şəkilçiləri ilə daha çox sifətlərdən feillər düzəlir.
Feillərdən düzələn düzəltmə feillər bu şəkilçilərin köməyi ilə düzəlir:
-ıl4: yaz-ıl, səp-il, vur-ul, süz-ül və s.
-ın4 (-n): al-ın, bil-in, yol-un, böl-ün, dara-n, bəzə-n və s.
-ış4 (-ş): yaz-ış, çək-iş, gör-üş, salamla-ş və s.
-dır4: çat-dır, din-dır, poz-dur, gül-dür və s.
-ır4: bit-ir, art-ır, öt-ür və s.
-ar2: çıx-ar, qop-ar və s.
Qeyd 1: Sonu – laş2, -lan2 ilə bitən sözlərdə bu hissə bəzən bütövlükdə şəkilçi, bəzən də -la2 + -ş və -la2+ -n kimi işlənir: Dostlaşmaq, ağıllanmaq, qanadlanmaq, dillənmək feillərində bir leksik şəkilçi işləndiyi halda, salamlaşmaq, yollanmaq kimi feillərin tərkibində iki leksik şəkilçi var.
Qabaqlaşmaq və ayaqlaşmaq sözləridə bir leksik şəkilçidir. Çünki ş samitindən əvvəlki hissə (qabaqlamaq, ayaqlamaq) dilimizdə işləndiyi halda, bu sözlərin qabaqlaşmaq və ayaqlaşmaq sözləri ilə məna bağlılığı yoxdur.
Qeyd 2: Sonu -lan2, -laş2 ilə bitən bəzi sözlər var ki, bu sözlərin tərkibinə görə təhlilini iki cür düşünmək mümkündür: Uşaqlar daşlaşdılar cümləsindəki feil iki leksik şəkilçili, Ey daşlaşan, torpaqlaşan uku babam…. cümləsindəki daşlaşan feili isə bir leksik şəkilçilidir. Həmçinin, Bağça sulandı cümləsindəki feil iki, Uşağın gözləri sulandı və Meyvələr gündən-günə dəyir, sulanır cümlələrindəki sulanmaq feili isə bir leksik şəkilçilidir.
Aşağıdakı feillər quruluşca sadədir: alışmaq, ağlamaq, anlamaq, barışmaq, bağışlamaq, qızarmaq, qışqırmaq, qaldırmaq, qarışmaq, soruşmaq, danlamaq, dinləmək, danışmaq, dəyişmək, dağılmaq, düşünmək, sarmaşmaq, yarışmaq, yapışmaq, yırğalamaq, calışmaq, güləşmək və s.