Feili sifət

Feili sifət həm feilin, həm də sifətin əlamətlərini daşıyır.
Feili sifət şəkilçiləri aşağıdakılardır:
1. –an2. İkivariantlı bu şəkilçi vasıtəsi ilə indiki zaman mənalı feili sifətlər düzəlir: qaç-an, açıl-an, gör-ül-ən və s. Feil kökü saitlə bitdikdə bitişdirici y samiti əlavə olunur: oxu-yan, mələ-yən və s.

2. -mış4. Dördvariantlı bu şəkilçi ilə keçmiş zaman mənalı feili sifətlər düzəlir: bat-mış, dəril-miş, bükül-müş və s.

3. Mənsubiyyət şəkilçisi ilə işlənən -dıq4 şəkilçisi vasitəsi ilə də keçmiş zaman mənalı feili sifətlər düzəlir: yaz-dığ-ım, çək-diy-in (şəkil), oxu-duğ-umuz, gör-düy-ü (iş) və s.

4. -acaq2: gələcək zaman mənalı feili sifətlər düzəldir: yazıl-acaq, görül-əcək və s.
Bu şəkilçi bəzən mənsubiyyət şəkilçisi ilə birgə işlənərək feili sifət əməmlə gətirir. Məsələn: yaz-acağ-ı (əsər), de-yəcəy-in (söz) və s.

5. -ası2 şəkilçisi vasitəsilə də gələcək zaman mənalı feili sifətlər düzəlir: yazıl-ası (inşa), deyil-əsi (söz) və s.

6. -malı2 şəkilçisi vasitəsilə də gələcək zaman mənalı feili sifətlər düzəlir: oxu-malı (kitab), gəz-məli (yer), çəkil-məli (mənzərə) və s.

Bu şəkilçilərdən -mış2, -acaq2, -ası2 -malı2 omonim şəkilçilərdir. Məlum olduğu kimi, -mış2 həm də nəqli keçmiş zaman şəkilçisi; -acaq2 qəti gələcək zaman şəkilçisi; –ası2 feilin lazım şəklinin; -mal2 isə vacib şəklinin şəkilçisidir.

Feili sifət şəkilçiləri də qrammatik şəkilçilərdir.

Feili sifətin feilə aid xüsusiyyətləri bunlardır:
1. Zaman mənası bildirir: açılmış (gül) – keçmiş zaman, uçan (quş) – indiki zaman, yazılacaq (əsər) – gələcək zaman.
2. Təsdiqvə inkarda işlənir: oxuyan (şagird) -oxumayan (şagird).
3. Təsirli və təsirsiz ola bilir: yazan (uşaq)- təsirli, qaçan (uşaq)-təsirsiz.
4.Feilin qrammatik məna növlərini bildirir: yazan (uşaq) – məlum növ), yazılan (kitab) – məchul növ.
5.Ətrafına söz toplaya bilir: dərslərindən əla qiymətlər alan, səliqə ilə sıraya düzülmüş (uşaqlar) və s.

Feili sifətin sifətə aid xüsusiyyətləri isə bunlardır:

1. Həm sifət, həm də feili sifət əşyanın əlamətini bildirir. Məsələn: ağlağan (uşaq) – sifət; ağlayan uşaq – feili sifət.

2. Həm sifət, həm də feili sifət isimlə bağlı olur və aid olduğu ismin əvvəlində işlənir.

3. Həm sifət, həm də feili sifət cümlədə,əsasən, təyin olur.

4. Həm sifət, həm də feili sifət cümlədə xəbərlik şəkilçisini qəbul edərək, ismi xəbər ola bilir. Məsələn: yaxşıdır, ağlağandır – sifət; çalışandır, ağlayandır – feili sifət.

5. Həm sifət, həm də feili sifət isimləşə bilir. Məsələn: Gənclərimizlə fəxr edirik (sifət). Ötənləri yada salmağa dəyməz (feili sifət).

Qeyd: Sonu saitlə bitən feil köklərindən düzələn -an2 şəkilçili indiki zaman mənalı feili sifətləri formaca feildən düzələn -ağan2-qan2 şəkilçili düzəltmə sifətlərə oxşayır: ağla-yan (uşaq)- feili sifət, ağlağan (uşaq) – sifət; büdrə-yən (at) – feili sifət, gül-əyən (körpə) – sifət və s.Bunları qarışdırmamaq üçün aşağıdakılara diqqət yetirmək lazımdır.

1.Feili sifət feilin əsas xüsusiyyətlərini daşıyır. Məsələn: mələyən quzu – indiki zaman mənasını bildirir.

2. Feili sifət təsdiqdə işləndiyi kimi, inkarda da işlənən bilir. Məsələn: mələyən quzu – mə-lə-mə-yən quzu. Feildən düzələn sifətdə isə bu əlamət olmur: kus-əyən (uşaq) sifətinin küs-mə-yən (?) şəkli yoxdur.

3. Feili sifət təsirli təsirsiz olur. Məsələn: mələyən (quzu) feili sifəti təsirsiz, yazan (uşaq) feili sifəti isə təsirlidir. Feildən düzələn sifətlərdə isə bu əlamət yoxdur.

4. Feili sifətlə feildən düzələn sifəti ayırmaq üçün sözü kök və şəkilçiyə düzgün ayırmaq lazımdır. Məsələn: 1.kükrəyən 2.küsəyən
Hər iki sözdə -əyən hissəciyi var. Lakin 1-ci sözü kök və şəkilçiyə düzgün ayırsaq görərik ki, sözün kökü kukrə, -yən isə feili sifətin qrammatik, 2-ci nümunədə isə sözün kökü küs, -əyən səkilçisi isə sifət düzəldən şəkilçidir.

Qeyd: Yuxarıda qeyd olunduğu kimi, -mış4, -acaq2, -malı2-ası2 şəkilçiləri omonim şəkilçilərdir, yəni həm nəqli keçmiş və qəti gələcək zamanların, həm də feili sifətin şəkilçiləridir. Nəzərə almaq lazımdar ki, feil nəqli keçmiş və qəti gələcək zamanlarda, eləcə də vacib və lazım şəkillərində feilin suallarına, bu şəkilçilərin köməyi ilə düzəlmiş feili sifətlər isə sifətin (isimləşdikdə ismin) suallarına cavab olur.

Məsələn: Meyvə yeməlidir (necədir?). Görüləsi (necə?) işlərimiz çoxdur. Yatmışları (kimi?) razı deyiləm kimsə oyatsın. Bu nümunələrdə fərqləndirilmiş sözlər feili sifətdir. Uşaq meyvəni yeməlidir (nə etməlidir?), Biz ora gedəsiyik (nə edəsiyik?) nümunələrindəki sözlər isə feilin təsriflənən formalarıdır. Feili sifət də məsdər kimi ətrafına söz toplayır və özünə tabe etdiyi sözlərlə birlikdə tərkib əmələ gətirir. Feili sifət tərkibi adlanan belə sözlər bütövlükdə cümlədə  bir sintaktik suala cavab verir və cümlənin bir üzvü olur.
Məsələn: Dərslərini yaxşı oxuyan şagirdlər imtahanda çətinlik çəkmirlər. Vətən torpağını qoruyan əsgərlər bizim övladımızdır. Hər iki cümlədəki feili sifət tərkibi cümlənin mürəkkəb təyinidir.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir