Feili bağlama

Feili bağlama həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Cümlədəki əsas feili müxtəlif cəhətdən izah edir. Feili bağlama şəkilçiləri aşağıdakılardır.
1.-ib4 şəkilçisi ilə düzələn feili bağlama bir neçə mənanı ifadə edir:

a) İş və hərəkətin əsas feilidən əvvəl icra olunduğunu bildirir, nə zaman? sualına cavab olur. Məsələn: O, kənd orta məktəbini bitirib, təhsilini davam etdirmək üçün Bakıya getdi.

b) Cümlədə əsas feildəki hərəkətin icra tərzini bildirir və necə? nə cür? suallarına cavab verir. Məsələn: At ayaqlarını yerə döyüb kişnəyirdi.

c) Cümlədə əsas feildəki hərəkətin səbəbini bildirir və niyə? nə üçün? suallarına cavab verir. Məsələn: Ordu qorxub geri çəkildi.

2. -araq4. Bu şəkilçi ifadə etdiyi məna baxımından -ıb4 şəkilçisi ilə qrammatik sinonimdir, yəni zaman, tərz, səbəb mənalarını ifadə edir. Məsələn: Uşaq gəzintidən evə gələrək dərslərini hazırlamağa başladı (-ib4 şəkilçisinin ifadə etdiyi birinci mənaya oxşayır).O, əllərini qoynuna qoyaraq bir kənarda dayanmışdı (-ıb4 şəkilçisinin ifadə etdiyi ikinci mənaya oxşar mənadadır). O, yorularaq işlərini yarımçıq qoydu. (-ib4 şəkilçisinin ifadə etdiyi üçüncü mənaya oxşar mənanadır). Bu xüsusiyyətlərinə görə, -ib4-araq2 sinonim şəkilçilər sayılır.

3. -madan2. Bu şəkilçi ilə düzələn feili bağlamalar, əsasən iş və hərəkətin əsas feildən əvvəl icra olunduğu, yəni zaman mənasını bildirir. Məsələn: Beş dəqiqə keçmədən qapının zəngi çalındı. -madan2 şəkilçisi bəzən hərəkətin icra tərzi və şərti mənasında da işlənir. Məsələn: Qatar heç bir stansiyada dayanmadan gedirdi. Dərslərini oxumadan heç yerə getmə.

4. -mamış2. Bu şəkilçi -madan2 şəkilçisi ilə sinonimdir və onunla eyni mənaları bildirir.

5. -a2, -a2. Bu şəkilçi təkrar olunan feilə qoşulur və onunla düzələn feili bağlamalar, əsasən, hərəkətin icra tərzini bildirir. Məsələn: Uşaq qaça-qaça gəldi. Ana gülə-gülə danışırdı.

Aşağıdakı şəkilçilərlə düzələn feili bağlamalar isə daha çox hərəkətin zamanını, yəni işin əsas feildən əvvəl icra olunduğunu bildirir:

-anda2: alanda, gələndə, oxuyanda, işləyəndə və s.
-dıqda4: aldıqda, gəldikdə, oxuduqda, görddükdə və s.
-arkən2: alarkən, gələrkən və s.
-dıqca4: alıqca, oxuduqca, gördükcə və s.
-ınca4: alınca, gəlincə, oxuyunca,görüncə və s.
ar -maz2: Qoşa işlənən feilin biri -ar2 təsdiqdə, o biri -maz2 isə inkarda işlənir: çatar-çatmaz, gələr-gəlməz və s.

Feili bağlama şəkilçiləri də qrammatik şəkilçilərdir.

Feili bağlamanın feilə aid xüsusiyyətləri aşağıdakılardır:

1.Feilin leksik mənası dəyişmir.
2. Təsdiq və ya inkarda olur.
3.Təsirli və ya təsirsiz olur.
4. Feilin müxtəlif qrammatik məna növlərində ola bilir.
5. Ətrafında söz toplaya bilir.

Feili bağlamanın zərfə aid xüsusiyyətləri isə aşağıdakılardır.

1.Hərəkətin tərzini və zamanını bildirir.
2. Zərfin suallarına cavab olur (necə? nə zaman?).
3. Cümlədə əlaqəyə girdiyi sözlərlə birlikdə zərflik olur.

Feill bağlama da məsdər və feili sifət kimi cümlədə əlaqəyə girdiyi sözlərlə birlikdə tərkib əmələ gətirir. Feili bağlama tərkibi cümlədə bir sintaktik suala cavab verir və cümlənin mürəkkəb bir üzvü olur.
Məsələn: Onunla üz-üzə gələndə çox sevindim. Araz qırağında qardaş əlləri birləşərkən əsl toy-bayram oldu. O, əlləri ilə dizini qucaqlayıb nə barədəsə fikirləşirdi və s. Feili bağlama və feili bağlama cümlədə zərflik olur.

 

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir