Feil şəkilləri

Feilin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini bildirir. Feilin altı şəkli var:
1. Əmr şəkli                  2. Xəbər şəkli
3. Arzu şəkli                  4. Vacib şəkli
5. Lazım şəkli               6. Şərt şəkli

Əmr şəkli

Feilin əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Feil kökünə və ya başlanğıc formasına aşağıdakı şəxs şəkilçilərini (II şəxsin təkindən başqa) artırmaqla düzəlir. (feil + şəxs şəkilçisi = əmr şəkli):
  I şəxs tək:-ım4       cəm: –aq2
  II şəxs tək:  –           cəm: –ın4
  III şəxstək: -sın4    cəm: –sın4, -lar2

Məsələn: Mən yaz-ım, gəl-im, oxu-yum, gör-üm və s.
                 Sən yaz, gəl, oxu, gör və s.
                 O yaz-sın, gəl-sin, oxu-sun, gör-sün və s.
                 Biz yaz-aq, gəl-ək, oxu-yaq, gör-ək və s.
                 Siz yaz-ın, gəl-in, oxu-yun, gör-ün və s.
                 Onlar yaz-sın-lar, gəl-sin-lər, oxu-sun-lar, gör-sün-lər və s.

Feilin əmr şəkli məzmunca gələcək zamanı bildirir.

Xəbər şəkli

Feilin xəbər şəkli işin nə zaman və kim tərəfindən görüldüyünü bildirir. Xəbər şəklinin xüsusu şəkilçisi yoxdur.
Zaman və şəxs şəkilçiləri ilə düzəlir. Məsələn: al-dı-m, al-dı-n, al-dı, al-ır-am,al-ır-san, al-ır və s.
Feil xəbər şəklində keçmiş, indiki gələcək zamanlara və şəxsə görə dəyişir.

Arzu şəkli

Feilin arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir. 
Arzu şəklinin özünəməxsus şəkilçisi vardır: -a2. Bu şəkilçi feil köklərinə (və ya feilin başlanğıc formasına) artırılır. Feilin bu şəklinin şərti sxemi belədir: ( feil+ -a2 + şəxs şəkilçisi = arzu şəkli) yaz+a+m, yaz+a+san, yaz+a, yaz+a+q, yaz+a+sınız, yaz+a+lar və s.
Oxu, işlə kimi saitlə bitən feillərdə bu şəkilçinin əvvəlinə y bitişdirici samiti artırılır. Arzu şəklində çox vaxt gərək, kaş sözləri işlənir: kaş bil+ə+m, gərək ged+ə+siniz və s.

Qeyd: Əmr və arzu şəklində I şəxsin cəmi formaca eyni olur. Məsələn: gələk. Ancaq nəzərə alınmalıdır ki, əmr şəklində bu sözdəki -ək bütövlükdə şəxs sonluğudur: gəl-ək. Arzu şəklində isə arzu şəklinin şəkilçisi -k isə şəxs şəkilçisidir: gəl-ə-k. Yəni burada yalnız formal oxşarlıqdan danışıla bilər.

Vacib şəkli

Feilin vacib şəkli gələcəkdə icra ediləcək işin zəruriliyini, vacibliyini bildirir,  -malı2 şəkilçisi ilə düzəlir. Feilin bu şəklinin şərti belədir: (feil + -malı2 + şəxs şəkilçisi=vacib şəkli) al+malı+yam, al+malı+san, al+malı+dır, gəl+məli+yik və s. Feilin bu şəklinin inkarı həm -ma2, həm də deyil sözü ilə düzəlir. Məsələn: gəl+mə+məli+yəm və ya gəl+məli deyil+əm.

Lazım şəkli

Feilin lazım şəkli gələcəkdə icra ediləcək işin lazım olduğunu bildirir, feillərə    -ası2 şəkilçisini artırmaqla düzəlir (feil + -ası2 + şəxs səkilçisi = lazim şəkli): at+ası+yam, at+ası+san, ək+əsi+yik, ək+əsi+dir+lər və s.
Feilin lazım şəklinin inkarı yalnız deyil sözü ilə işlənir: alası deyiləm, gələsi deyilik və s.

Şərt şəkli

Feilin şərt şəkli gələcəkdə icra olunacaq iş, hərəkətin müəyyən şərtlə bağlandığıni bildirir, -sa2 şəkilçisi ilə düzəlir (feil + -sa2 + şəxs şəkilçisi = şərt şəkli): al+sa+m, as+sa+n, al+sa, al+sa+nız və s.

Feilin bu şəklində bəzən əgər bağlayıcısı da işlənir: əgər oxu+sa+m, əgər gəl+sə+n və s.
Feilin sərt şəkli digər sadə şəkillərdən fərqli olaraq, sadə cümlədə xəbər ola bilmir, yalnız tabeli mürəkkəb cümlədə budaq cümlənin xəbəri olur.
Feil şəkillərinin əlamətləri (şəkilçiləri) qrammatik şəkilçilərdir.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir