Durğu işarələri, nöqtə və vergül

Durğu işarələri şifahi nitqdə səsin intonasiyasını; yüksəlib-alçalmasını, fasiləni və s. yazıda əks etdirən işarələrə deyilir. Yazıda aşağıdakı durğu işarələrindən istifadə edilir: nöqtə, nöqtəli vergül, iki nöqtə, sual işarəsi, nida işarəsi, mötərizə, dırnaqlar.

Nöqtə

Nöqtə – nəqli cümlələrin sonunda qoyulur: Azərbaycan hamımızın vətənidir.
Sakit intonasiya ilə deyilən əmr cümlələrin sonunda qoyulur: Doğma vətəni göz bəbəyi kimi qoruyaq.
Soyadlarda ad və ata adı qısaldılmış şəkildə verildikdə onlardan sonra qoyulur: N.Gəncəvi, M.F.Axundzadə.
Dramaturgi əsərlərdəki surətlərin adları abzasdan verildikdə onlardan sonra qoyulur: Fəxrəddin bəy. Məktəbxana, azarxana məndən sonra nişanədir, dağıtma… (N.Vəzirov)

Vergül

Vergül cümlənin sadalama intonasiyası ilə deyilən həmcins üzvləri arasında qoyulur: Sabahkı yığıncaqda Anar, Tural, Günel çıxış edəcəklər.
Cümlənin həmcins üzvləri (bəzən də tabesiz mürəkkəb cümlənin tərəfləri) ya, gah, həm, nə, da və s. təkrarlanan bağlayıcılarla bağlandıqda qoyulur. Bu halda vergül yalnız birinci işlənən bağlayıcıdan sonra qoyulmur: Dərsi ya Elçin, ya da Nərmin danışsın. Gah yağış yağır, gah da külək əsir. Həm Oqtay, həm də Orxan birinci sırada oturub. Nə uşaq, nə də ana bir söz deyirdi.

Cümlənin həmcins üzvləri və ya tabesiz mürəkkəb cümlənin tərəfləri amma, ancaq, lakin bağlayıcıları ilə bağlandıqda onalrdan qabaq qoyulur: Uşaq diqqətlə qulaq asırdı, ancaq heç nə başa düşmürdü. O, vaxtında gəldi, amma içəri buraxmadılar.
Ara sözlər cümlənin başqa üzvlərində vergüllə ayrılır: Sözsüz ki, sən də ora gəlməlisən. O, əlbəttə, gələcək. Bu işdə tələsmək uduzar, məncə (S.Vurğun).
Cümlə üzvünün əlavəsindən qabaq qoyulur: Dünən, yəni mayın 28-də onu gördüm.
Xitablar cümlənin başqa üzvlərindən vergüllə ayrılır: Şair, nə tez qocaldın sən. Duman, salamat qal, dağ, salamat qal.
Mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərindən sonra feil (feili sifət istisna) və köməkçi nitq hissələrindən (modal sözlər istisna) başqa, digər nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur: O, kəndə getdi. Bu, maraqlı kitabdır. 

İstər tabesiz, istərsə də tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında qoyulur: Yaz gəldi, hər tərəf yaşıllığa büründü. Kim şərə bütün varlığı ilə nifrət etmir, o, düzlüyü də sevə bilməz.

Facebook Şərhləri

Bir şərh

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir