Digər durğu işarələri, tire, iki nöqtə, nida və s.

Azərbaycan dilinin digər durğu işarələri bunlardır: Tire, iki nöqtə, nöqtəli vergül, mötərizə, nida, sual, dırnaqlar.

Tire

Əlavələr də aid olduğu cümlə üzvündən tire ilə ayrılır: O, məhəbbət şairini – Füzulini dəlicəsinə sevir.
Əlavə cümlənin hər iki tərəfində tire qoyulur: Bir gün – o günü mən həsrətlə gözləmişdim – arzularım çin oldu.
Dialoqda iki və daha artıq şəxsin danışığı (replika) verildikdə də cümlənin əvvəlində tire qoyulur:
-Səncə, bu gövdəli, qollu-qanadlı palıd nəyə görə yerə yıxılıbdır?
-Yəqin ki, bu gecə güclənən küləyə görə.

Vasitəsiz nitq işlənən cümlədə vasitəsiz nitqdən əvvəl tire də qoyula bilər:
-Tural gəlir, -deyə Günel sevindi.

Vasitəsiz nitq işlənən cümlədə müəllifin sözü vasitəsiz nitqdən sonra işləndikdə ondan əvvəl tire qoyulur: “Tural gəlir”, -deyə Günel sevindi. 

Vasitəsiz nitq müəllifin sözlərindən əvvəl və sonra gəldikdə hər iki tərəfdə tire işarəsi qoyulur: “Universitetə gedək, -dedi, -orada vacib işim var”.

Müəllifin sözləri ilə vasitəsiz nitq ardıcıl işləndikdə də tire eyni qayda ilə qoyulur: O, əlini masaya vurub: “Olmaz, -dedi, -buna siz qarışmayın”.

Qeyd: Defislə tireni qarışdırmamalı: defis mürəkkəb sözlərin tərkib hissələrində, sözün hecalara bölünməsi və sətirdən sətrə keçirilməsində, sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlarda (məsələn: d-r doktor, z-d zavod və s.) istifadə olunur. Defis durğu işarəsi deyil.

İki nöqtə

Cümlənin həmcins üzvlərindən əvvəl ümumiləşdirici söz işləndikdə ondan qabaq iki nöqtə qoyulur: Azərbaycanın hər yerində: Gəncədə, Şəkidə, Naxçıvanda onu sevirlər.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərəfləri arasında qoyulur: Hamını bir şey düşündürürdü: Qarabağ torpağı nə vaxt yağı düşməndən azad ediləcək?

Vasitəsiz nitq müəllif sözlərindən sonra gələrsə, iki nöqtə qoyulur: O, ötkəmlə bildirdi: Mən cəbhəyə gedirəm.

Nöqtəli vergül

Mürəkkəb cümləni əməmlə gətirən sadə cümlələrdə həmcins üzvlər olduqda mürəkkəb cümlənin tərkib hissələri arasında qoyulur: Uzun qış axşamı idi; külək əsir, üzü qılınc kimi kəsirdi.

Mötərizə

Əsasən əlavə cümlələri fərqləndirmək üçün onlar mötərizədə verilir: Dostumun üzündəki çapıq (uşaq vaxtı yıxılanda olmuşdu) onun sifətinə xüsusi yaraşıq verirdi.
Bəzən cümlə üzvünün əlavəsi və istifadə olunan mənbə də mötərizədə verilir: Səbr və dua ilə (namazla) Allahdan kömək diləyin (Qurani-Kərimdən).

Nida

Nida cümlələrin sonunda qoyulur: Qalx, qalx, qalx, düşkün dünya! Sən insan oğlunun taleyinə bax!
Hiss-həyəcanla deyilən xitabdan, nidalardan, bəli, xeyr ədatlarından sonra da nida işarəsi qoyulur: Xuraman, Xuraman! Gör nəyin xəyalındasan! Bəh, bəh! Afərin sənə! Xeyr! Bu, sənin işin deyil!

Sual

Sual cümlələrindən sonra qoyulur: Sən onu tanıyırsan? O, tələbədir?

Dırnaqlar

Vasitəsin nitq dırnaqlar arasında verilir: Loğman dedi: “Həyatın şirin olur hər anı”.
Məni görəndə gülümsünür: “Necəsə, balaca, hazırlaş!” – deyib yanımdan keçərdi.
Sitatlar da dırnaq arasında verilir: Peyğəmbərimiz buyurmuşdur: “Beşikdən qəbrədək elm öyrənin”. 

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *