Cümlə üzvlərinin əlavəsi

Cümlədə özündən əvvəlki üzvü izah edən, dəqiqləşdirən sözə və ya söz birləşməsinə əlavə deyilir.
Əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir, həmin üzvlə eyni qrammatik formada olur və ondan xüsusi fasilə, intonasiya ilə ayrılır. Məsələn: İbrahimlə İsmayıl – ata ilə oğul Kəbəni yenidən ucaltdılar. Əli özümüzünküdür – uzaq qohumumuzdur. Günaya – X sinif şagirdinə mükafat verdilər. Dünən, mayın 15-də fərdi sərgim açıldı.

Əlavələrin cümlədə işlənməsi

Yuxarıdakı cümlələrdə sıra ilə mübtədanın, xəbərin, tamamlığın və zərfliyin əlavəsi işlənmişdir. Nadir hallarda təyinin də əlavəsi işlənir. Bu zaman əlavədən əvvəl çox vaxt yəni sözü işlənir: Sonuncu, yəni iyirmi beşinci test şox çətin idi.

Əlavələr aid olduğu sözlərdən tire ( – ) ilə ayrılır. Bəzən əlavədən əvvəl tire əvəzinə, vergül işarəsi də qoyulur: Biz, milli ordunun döyüşçüləri Vətəni qorumağa hazırıq.

Əlavə bəzən yəni bağlayıcısı ilə də işlənir və bu halda da ondan əvvəl vergül qoyulur.
Cümlədə bəzən üçüncü növ təyini söz birləşmələrinin, feili sifət, feili bağlama və məsdər tərkiblərinin asılı tərəflərinə, xitablara aid əlavələr də işlənir.
Məsələn: Turalın – gənc döyüşçünün qəhrəmanlığı bütün alaya yayıldı. Kəndə – doğma obaya qayıdanda onun xəyalında uşaqlıq illəri canlandı.

Əlavələr bəzən izah etdiyi üzvə şəxsə görə uzlaşmır.Bu zaman əlavədən əvvəl və sonra vergül qoyulur: Biz, milli ordunun döyüşçüləri, torpaqlarımızı düşmən tapdağından azad edəcəyimizə and içirik.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir