Cümlənin ikinci dərəcəli üzvləri – Tamamlıq

 

Cümlənin ikinci dərəcəli üzvləri

Cümlənin baş üzvləri söylənilən fikrin əsas məzmununu bildirir. İkinci dərəcəli üzvlər isə baş üzvlərə aid olub, onları müxtəlif cəhətdən izah edir. Cümlənin ikinci dərəcəli üzvləri tamamlıq, təyin və zərflikdir. Tamamlıq və zərflik xəbərlə bağlı olur və onu müxtəlif baxımdan aydınlaşdırır. Təyin isə bütün üzvlərə aid ola bilir.

Tamamlıq

Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı ( nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s.

Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s.

Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur: Yaşamağı atalardan öyrənin (məsdərlə). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri qarşılayın (feili sifətlə) və s.

Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur (bax: yuxarıdakı nümunələrə). Söz birləşmələri, mürəkkəb adlar, feili sifət və məsdər tərkibləri ilə ifadə olunan tamamlıqlar quruluşca mürəkkəbdir.
Elin sərvətini (nəyi?) göz bəbəyi kimi qoruyun. Vətənin keşiyində duranlara (kimə?) qayğı gərəkdir. Mətni düzgün oxumağı (nəyi?) öyrənin və s.

Tamamlığın iki növü var: vasitəsiz tamamlıq, vasitəli tamamlıq.

Vasitəsiz tamamlıq

Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, yalnız təsirli feillərlə bağlı olur və kimi?, nəyi?, haranı?, nə? suallarından birinə cavab verir.
Vasitəsiz tamamlıq iki cür olur: müəyyənlik bildirən vasitəsiz tamamlıq, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq. Müəyyənlik bildirən vasitəsiz tamamlıq müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur və kimi?, nəyi? suallarına cavab verir.
Məsələn: İclasda şagirdlərimizi (kimi?) təriflədilər. Məktubu (nəyi?) yola saldım.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq qeyri-müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur, nə? sualına cavab verir və həmişə xəbərin yanında işlənir.

Substantivləşən (isimləşən) işarə əvəzlikləri, yer zərfləri (ora, bura, içəri, irəli və s.) də təsirlik halda olduqda cümlənin vasitəsiz tamamlığı olur. Məsələn: Ana bunu hiss etdi. İşlərini diqqətlə yoxla və s.

Qeyd 1: Təsirlik halda olan söz zaman anlayışı bildirdikdə (nə vaxt?, nə zaman? suallarına cavab verdikdə) cümlənin zaman zərfliyi olur. Məsələn: Keçən yayı kənddə dincəlmişəm. Bu gecəni çox narahat yatmışam və s. Bu cümlələrdəki yayıgecəni sözləri nə zaman? sualına cavab verdiyi üçün onları tamamlıq yox, zərflik kimi qəbul etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, vasitəsiz tamamlıq həmişə təsirli feillərlə əlaqələnir. Bu cümlələrdəki yayı gecəni sözləri isə təsirsiz feillərlə əlagələnmişdir.

Qeyd 2: Qeyri-müəyyənlik bildirən (nə? sualına cavab verən) vasitəsiz tamamlıq eyni suala cavab verən mübtədaya oxşayır. Məsələn: Quzu (nə?) su (nə?) içir. Quş (nə?) dən (nə?) yeyir. Lakin bu cümlələrdəki quzu quş sözləri mübtəda, sudən sözləri sözləri isə tamamlıqdır. Bu cür tamamlığı nə? sualına cavab verən mübtədadan asanlıqla fərqləndirmək olar. Birincisi, belə tamamlığa müəyyənlik bildirən hal şəkilçisi artırmaq olur: Quzu suyu içir. Quş dəni yeyir. İkincisi də, bu cür tamamlıq həmişə feilin yanında işlənir və onun yerini dəyişdikdə (və ya əvvəlinə, o, bu işarə əvəzliklərini artırdıqda) həmin tamamlıq təsirlik halın şəkilçisini qəbul edir: Suyu quzu içir. Dəni quş yeyir.

İsmin təsirlik halında olan sözlər haranı? sualına cavab verdikdə yer zərfliyi yox, vasətəsiz tamamlıq olur.

Vasitəli tamamlıq

Vasitəli tamamlıq kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə barədə? suallarından birinə cavab verir.

Məsələn: Anaya hədiyyə aldıq. Bizdə köhnə cap kitabları var. Uşaq üçün dərslik alın və s.

Tamamlığın hər iki növü daha çox feili xəbərlə bağlı olur. Lakin vasitəli tamamlıq bəzən ismi xəbərlə də bağlı ola bilir.
O, yaşca məndən kiçikdir. Səninlə işim var. Onda gözəl qabiliyyət var və s.

Tamamlıqlar xəbərə idarə əlaqəsi ilə bağlı olur.

Qeyd: Biz, siz, onlar şəxs əvəzlikləri ismin yönlük, yerlik, çıxışlıq hallarında işlənib, yer anlayışı bildirdikdə tamamlıq yox, yer zərfliyi olur. Məsələn: Bizə gedək. Sizdən gəlirəm. Onlarda oturmuşdum.

 

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *