Cümlənin ikinci dərəcəli üzvləri. Təyin

Cümlədə isimlə və ya isimləşmiş sözlərələ ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə təyin deyilir.
Təyin necə?, nə cür?, hansı?, neçə?, nə qədər?, neçənci? suallarında birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sinifdə iyirmi şagird var.
Təyin daha çox sifət, feili sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifətlə). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzliklə). Yatmış körpə səsə oyandı (feili sifət).

İsim və zərflər də sifətin xüsusiyyətlərini daşıdıqda (sifətləşdikdə) təyin vəzifəsində işlənə bilir. Məsələn: Cərrah Əli qonşumuzdur. Özümə dəri çanta aldım. Daş bina davamlı olur.

Bəzən təyin qoşmalı məsdərlə də ifadə oluna bilər. Məsələn: Yaşamaq kimi, görəsən, nemət varmı?

Təyin quruluşca sadə və mürəkkəb olur.

Nitq hissələri ilə ifadə olunan təyinlər quruluşca sadə olur. İsmi birləşmələr və feili sifət tərkibləri ilə ifadə olunan təyinlər isə quruluşca mürəkkəb olur. Məsələn: Məktəb direktoru Əli müəllim qabaq sırada oturmuşdur. Səhərdən meşəyə gedən uşaqlar axşama yaxın qayıtdılar.

Cümlədə isimlə ifadə olunan bütün üzvlərin təyini ola bilər. Məsələn: Yaşıl zəmilər göz oxşayır. Qız güllü donunu geymişdi. Biz doqquzuncu mikrorayonda yaşayırıq. Məmməd Araz istedadlı şairdir. Bu cümlələrdəki yaşıl, güllü, birinci istedadlı təyinləri sıra ilə mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə aiddir.

Təyin yanaşma əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur.

Qeyd 1: Bizim həyətdə gözəl çiçəklər var cümləsindəki bizim təyini hal şəkilçisi ilə istəndiyindən həyətdə zərfliyinə idarə əlaqəsi ilə bağlanmışdır.

Qeyd 2: Təyin ismi birləşmələrin asılı tərəfinə ad olduğu halda, feili birləşmələrin asılı tərəfinə aid ola bilmir. Məsələn: Gələcəyə nikbin gözlə baxan Elsevərin ən böyük arzusu hüquqşünas olmaq idi cümləsindəki feili sifət tərkibi III növ təyini söz birləşməsinin asılı tərəfinə (elsevərin) aid olub cümlənin təyinidir. Yeni tikilmiş binaya köçənlər sevincli idilər cümləsində isə yeni tikimiş birləşməsi sintaktik təhlil zamanı ayrıca təyin hesab edilmir. Bu cümlədə yeni tikilmiş binaya köçənlər birləşməsi cümlənin mübtədasıdır.

Facebook Comments

2 comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *