Cümlənin baş üzvü-Xəbər

 

Xəbər

Xəbər mübtədaya aid hərəkət və ya hökmü bildirən baş üzvdür. Nə edir? (feilin bütün şəkil və zamanlarında) kimdir? nədir? necədir? haradır? və s.suallarından birinə cavab verir.
Cümlənin baş üzvü xəbər ən çox təsriflənən feillərlə ifadə olunur.
Məsələn: Körpə yatır. Qapı açıldı. Evimizə qonaqlar gələsidir. Sabah kəndə getməliyik və s.
Nitq hissələri ilə ifadə olunan xəbərlər quruluşca sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan xəbərlər isə mürəkkəb olur. Yuxarıdakı nümunələrdə işlənmiş xəbərlərin hamısı sadə xəbərlərdir. Mürəkkəb xəbərlərə aid nümunə:
Ən sevimli nəğməmiz ana laylasıdır. Azərbaycan hamımızın vətənidir. Müəllimin borcu şagirdlərə düzgün tərbiyə verməkdir. Qəhrəmanlıqla ölmək əbədi yaşamaqdır.

Xəbər cümlədə ən çox mübtəda ilə bağlı olur, mübtədadan asılı olur və şəxsə, kəmiyyətə görə onunla uzlaşır.
Xəbər ifadə vasitələrinə görə iki növə bölünür: feili xəbər, ismi xəbər.

Feili xəbər

Feili xəbərlər təsriflənən feillərlə və frazeoloji birləşmələrlə ifadə olunur.
Məsələn: Ana bütün gecəni yatmadı, oğlunu yada saldı. Kəndə getməliyik. Bir neçə gün bizdə qal və s.

İsmi xəbər

İsmi xəbərlər adlarla (isim, sifət, say, əvəzlik və s.) ifadə olunur.
Məsələn: Uşaq bağçadadır (isimlə). Hava sərindir (sifətlə). Qiymətlərin hamısı beşdir (sayla). Gələn mənəm (əvəzliklə) və s.
Məsdərlə, ismi birləşmələrlə, feili sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir.
Məsələn: Arzum oxumaqdır (məsdərlə). Bakı sənaye şəhəridir (II növ təyini söz birləşməsi ilə). Bu kitabın müəllifi Turalın atasıdır (III növ təyini söz birləşməsi ilə). Bu uşaqlar dünən dərsə gecikənlərdir (feili sifət tərkibi ilə).
İsmi xəbərlərin sonuna həmişə xəbərlik şəkilçisi artırılır.

Var, yox, bəs, mümkün, lazım, gərək sözləri də ismi xəbər  kimi işlənir və heç bir suala cavab vermir.
Məsələn: Mənim sizdən bir xahişim var. Otaqda heç kim yoxdur. Hələlik bunlar bəsdir və s.

Qeyd 1: İdi, imiş hissəcikləri aid olduğu söz və söz bərləşmələri ilə birgə ismi xəbər olur və onun quruluşuna təsir etmir.
Məsələn: Gələnlər tələbələr idi (sadə ismi xəbər). O qayıtmalı idi (sadə feili xəbər) və s.

Qeyd 2: Olmaq etmək, istəmək, başlamaq köməkçi feilləri qoşulduqları söz və birləşmələrlə birgə bütövlükdə bir cümlə üzvü olur. Məsələn: M.F. xundzadə Q.Zakirə dəfələrlə kömək etmişdir. Deyilənə görə, Müşfiq nadir hafizə sahibi olmuşdur və s.
Olmaq, etmək, istəmək, başlamaq sözləri müstəqil məna bildirərək ayrılıqda cümlənin xəbəri ola bilir. Məsələn: Xalam IX mikrorayonda olur (yaşayır). Dünən qardaşımın yeni övladı olub (dünyaya gəlib) və s.

 

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *