Cümlə üzvləri ilə bağlı olmayan sözlər, Xitab və ara sözlər

Bəzi cümlələrin tərkibində elə söz və söz birləşmələri olur ki, cümlə üzvləri ilə məna cəhətdən bağlı olsa da, heç bir üzv ilə qrammatik əlaqəyə girmir, heç bir suala cavab vermir və cümlə üzvü olmur. Xitab və ara sözlər bu cür söz qrupuna aiddir.

Xitab

Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir.
Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s.

Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran. Dağlar, səndə gözüm qaldı. Oxu, tar, oxu, tar. Göy göl, tərifini çox eşitmişəm və s.

Xitab ismin adlıq halında olur və bu baxımdan mübtədaya oxşayır. Lakin, o, xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən kiçik fasilə ilə ayrılır. Məsələn: S.Vurğun məşhur “Ceyran” qoşmasında ceyran sözünü həm mübtəda, həm də xitab kimi işlətmişdir:

Əyilib su içir bir ana ceyran…
Söhrətin yayılıb hər yana, ceyran…

Birinci misrada ceyran sözü mübtəda, ikinci misrada isə xitabdır.

Xitablar quruluşca sadə və mürəkkəb olur. Nitq hissəsi ilə ifadə olunan xitablar sadə, söz birləşməsi ilə ifadə olunan xitablar isə mürəkkəb xitablar sayılır.  Oğul, (sadə xitab) yaxına gəl. Körpə balam, (mürəkkəb xitab) rahat yat.

Xitablar cümlə üzvlərindən vergüllə ayrılır. Xitab cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilər. Cümlənin sonunda işlənən xitabdan əvvəl vergül, sonra isə nöqtə ,nida işarəsi və ya sual işarəsi qoyulur.
Məsələn: Nə olub, ana, niyə belə narahatsan? Gəl, ey qoca Təbriz! və s.

Xitablardan əvvəl ay, ey, a  nidaları da işlənir.

Ara sözlər

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə və ya sözbirləşmələrinə ara sözlər deyilir.

Ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Ara sözlər söz (məncə, səncə, doğrusu, düzü, yəqin və s.) və söz birləşmələri (sözün düzü, bir sözlə, mənim fikrimcə və s.) bəzən də cümlə (düzdür, görünür, necə deyərlər)  şəklində olur. Məsələn: Yəqin ki, işlər düzəlmək üzrədir. Qələbə, sözsüz ki, gec-tez bizimlə olacaq. İndi, necə deyərlər, söz meydanıdır və s. Bu cümlələrdəki yəqin ki sözsüz ki söz şəklində, necə deyərlərisə cümlə çəklində olan ara sözdür.

Ara sözlər daha şox cümlənin əvvəlində və ortasında işlənir. Bəzi hallarda ara sözlər cümlənin sonunda da işlənir: Qarşıda bizi sevincli günlər gözləyir, əlbəttə. Ara sözlər də xitablar kimi xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən vergüllə ayrılır.

Ara sözlərin mənaca aşağıdakı növləri var:
Yəqinlik bildirənlər: əlbəttə (ki), şübhəsiz (ki), sözsüz (ki), düzü, döğrudan da, həqiqətən də.

Güman, şübhə bildirən: bəlkə (də), deyəsən, görünür, ehtimal ki, ola bilsin (ki), gərək ki.

Təəssüf bildirənlər: əfsus (ki), heyf (ki), şox təəssüf, təəssüfki.

Fikrin mənbəyinə, kimə aid olduğunu bildirənlər: məncə, səncə, bizcə, mənim fikrimcə, deyilənə görə, eşitdiyimə görə.

Nəticə bildirənlər və nitqin hissələri arasında əlaqəni göstərənlər: nəhayət, yaxşı, beləliklə, ümumiyyətlə, deməli, xülasə, qısası,əvvəla, birincisi, ikincisi, əksinə.

Qeyd: Bütün ara sözlər modal sözdür, ancaq bütün ara sözlər modal söz deyil, çünki ara sözlər modal sözlərdən başqa, söz birləşməsi və cümlələrlə də ifadə oluna bilir. Məsələn: necə deyərlər, sözün doğrusu və s.

Facebook Comments

Bir şərh

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir