Budaq cümlələrin növləri, mübtəda, tamamlıq, şərt, qarşılıq-güzəşt budaq cümləsi, digərləri

Budaq cümlələrin növləri

Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə bir-birindən fərqlənir. Budaq cümlələr isə cümlə üzvlərinə uyğun gəlir və aşağıdakı növlərə bölünür:
1. Mübtəda budaq cümləsi
2. Tamamlıq budaq cümləsi
3. Zərflik budaq cümləsi
4. Qarşılıq-güzəşt budaq cümləsi
5. Xəbər budaq cümləsi
6. Təyin budaq cümləsi
7. Şərt budaq cümləsi

Zərfliyin mənaca bir neçə növü olduğu kimi, zərflik budaq cümləsinin də müxtəlif növləri var.
1. Tərzi-hərəkət budaq cümləsi
2. Yer budaq cümləsi
3. Zaman budaq cümləsi
4. Səbəb budaq cümləsi
5. Kəmiyyət budaq cümləsi
6. Məqsəd budaq cümləsi

Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr

Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənilir, ya da baş cümlədə əvəzliklə ifadə olunan mübtədanı izah edir.

Mübtəda budaq cümləsi mübtədanın sualına (daha çox nə? sualına, bəzən də kim? sualına) cavab verir, əsasən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Urəyimdən keçir ki, yayda doğma yurdumu görməyə gedim. Kənddə olarkən ona aydın oldu ki, camaatın buradan köçmək fikri yoxdur. Fərmanda o da göstərilirdi ki, elmə qayğı və diqqət artırılacaqdır. Məktubda bu da yazılmışdı ki, tezliklə kənddə ikinci məktəb də açılacaq.

Birinci və ikinci nümunələrdəki baş cümlələrdə mübtəda yoxdur, budaq cümlələr baş cümlələrdən doğan nə? sualına cavab verərək, buraxılmış mübtədanın əvəzində işlənmişdir. Üçüncü və dördüncü nümunələrin baş cümləsində o, bu işarə əvəzlikləri mübtəda vəzifəsindədir, ancaq məzmunları aydın deyil. Buna görə də baş cümlədən sonra gələn budaq cümlələr həmin əvəzlikləri izah edir, məzmunlarını aydınlaşdırır. Bu tipli mürəkkəb cümlələri sadələşdirəndə budaq cümlələr tərkib şəklində mübtəda yerində işlənir. Məsələn:

1.Doğma yurdumu görməyə getmək (nə?) ürəyimdən keçir.
2. Kənddə olarkən ona camaatın burdan köçmək fikri olmadığı (nə?) aydın oldu.
3. Fərmanda elmə qayğı və diqqət artırılacağı (nə?) göstərildi.
4. Məktubda tezliklə kənddə ikinci məktəbin də açılacağı (nə?) yazılmışdı.

Mübtəda budaq cümləsi az-az hallarda baş cümlədən əvvəl də gəlir və ona, əsasən, kim, kim ki, hər kim, nə, hər nə, hara və s. bağlayıcı sözləri ilə bağlanır. Məsələn: Kim əməksevərdir, o, həyatda istədiyinə nail olur. Kim ki halal zəhmətlə yaşayır, o, həmişə başıucadır. Hara təmizlənir, ora abad olur.

Mübtəda budaq cümləsi bəzən intonasiya ilə də baş cümləyə bağlana bilir.
Məsələn: İki gündür, bərk istidir. Birinci il idi, baba evdə tək yaşayırdı. Belə cümlələrdə baş cümlədən sonra ki bağlayıcısını artırmaq mümkündür: İki gündür ki, bərk istidir. Birinci il idi ki, baba evdə tək yaşayırdı.

Mübtəda budaq cümləsi feili sifət tərkibi, məsdər tərkibi və III növ təyini söz birləşməsi şəklində sadələşir və mübtədanın kim? nə? hara? suallarından birinə cavab verir.

Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr

Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edir. Xəbər budaq cümləsi, əsasən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: İgid idur ki, basdığını kəsməsin. Arzum budur ki, torpaqlarımız azad olsun və s.

Xəbər budaq cümləsi ismi xəbərin suallarına ( nədir?, necədir?, neçədir? və s.) cavab verir. Baş cümlənin xəbəri daha çox odur, budur, elədir, belədir, o idi, bu idi, o oldu, bu oldu, onun üçündür, bunun üçündür və s. sözlərlə ifadə olunur və budaq cümlə onların məzmununu aydınlaşdırır.

Xəbər budaq cümləsi də bəzən baş cümlədən əvvəl gəlir və ona kim, kim ki bağlayıcı sözləri ilə bağlanır. Məsələn:
1. Birlik harada, dirilik orada. (Bu cümlə yer budaq cümləsinə oxşayır. Lakin burada baş və budaq cümlələrdə xəbərlik şəkilçiləri buraxılıb. Birlik haradadırsa, dirilik oradadır).
2. Kim məsələni birinci həll etdi, bu kitablar onundurş
3. Kim çiçəkləri sevir, bu güldan onundur.

Xəbər budaq cümləsinin baş cümlədən əvvəl gələn növü (2-ci və 3-cü cümlələr) mübtəda budaq cümləsinin oxşar növünə bənzəyir: hər ikisi kim, kim ki bağlayıcısı sözlərin köməyi ilə formalaşır. Lakin bunları asanlıqla fərqləndirmək olar. Mübtəda budaq cümlələrində qarşılıq o əvəzliyi ilə ifadə olunan mübtəda olur (və ya onu təsəvvür etmək olur), Xəbər budaq cümlələrində isə qarşılıq söz – o xəbər vəzifəsində işlənir. Məsələn: Kim yarışda birinci oldu, o,Təbrizə gedəcək (mübtəda budaq cümləsi). Kim yarışda birinci oldu,bu hədiyyə onundur (xəbər budaq cümləsi).

Qeyd 1: Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrdə əvəzlik-qəlib və ya qarşılıq söz mütləq işlənir.

Qeyd 2: Xəbər budaq cümləsi, bir qayda olaraq, ismi xəbərin suallarına cavab verir.

Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr

Tamamlıq budaq cümləsi ya baş cümlənin buraxılmış tamamlığın yerində işlənir, ya da cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı izah edir.

Tamamlıq budaq cümləsi daha çox baş cümlədən sonra gəlir və tamamlığın suallarına cavab verir. Məsələn: Hiss edirəm ki, təbiəti çox sevirsiniz. Yay isti keçdiyi üçün anam təkid edirdi ki, biz də yaylağa gedək.Əsgər onu da dedi ki, düşmənə layiqli cavab verməyə tam hazırıq.Birinci və ikinci nümunənin baş cümlələrində tamamlıq yoxdur, budaq cümlə baş cümlədən doğan tamamlığın sualına (hiss edirəm – nəyi?; təkid edirdi – nəyi?) cavab verir. Üçüncü nümunənin baş cümləsində isə tamamlıq işlənmişdir (onu), lakin onun izaha ehtiyacı vardır. Ona görə də budaq cümlə həmin tamamlığı izah edir, aydınlaşdırır.

Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feili xəbərinə aid olur və ona ki bağlayıcısı ilə bağlanır. Bəzən tamamlıq budaq cümləsi yalnız intonasiya ilə də baş cümləyə bağlanır. Məsələn: Biz istəyirik, bu məsələ sülh yolu ilə həll olunsun. Üşüdüyü üçün xahiş etdi ki, qapını örtsünlər. Mən bilirəm, o niyə dərsə gəlmir.

Mübtəda və xəbər budaq cümlələri kimi, tamamlıq budaq cümləsi də bəzən baş cümlədən əvvəl gəlir və ona kim, kimi, kimə və s. bağlayıcı sözləri ilə bağlanır. Bu halda baş cümlədə işlənən qarşılıq söz cümlənin tamamlığı olur.

Tamamlıq budaq cümlələri həm vasitəsiz, həm də vasitəli tamamlığın suallarına cavab verə bilir. Məsələn: Müəllim onu da bilirdi ki, (nəyi?) bu şagirdlərin çoxu kasıb uşaqlardır. Müəllim əmin idi ki, (nəyə?) Tofiq yarışda birinci yeri tutacaq. 

Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr

Təyin budaq cümləsi baş cümlənin isimlə (və ya isimləşmiş sözlərlə) ifadə olunmuş üzvünü təyin edir. Təyin budaq cümləsi baş cümlədən sonra gəlir və təyinin suallarına (necə?, nə cür?, hansı?) cavab verir. Baş cümlədə, əsasən, elə, elə bir,bir,o, həmin qəlib sözləri işlənir və təyin budaq cümləsi vasitəsi ilə izah edilir. Məsələn: Bizə elə döyüşçü lazımdır ki, hərbir çətinliyə hazır olsun. Mən o tənqidi sevirəm ki, işin xeyrinə olsun. Müəllimlik eləbir sənətdir ki, xalqın taleyində mühüm rol oynayır. Ay həzərat, bir zaman gəlibdi, Ala qarğa şux tərlanı bəyənməz. Sən həmin adamsan ki, bizi gecə yarı yoldaqoydun və s. Bu nümunələrin hər üçündə budaq cümlə baş cümlədən sonra gələrək, ona ki bağlayıcısı ilə, dördüncüsündə isə intonasiya ilə bağlanmışdır. Birinci nümunədə budaq cümlə baş cümlənin mübtədası
na (düyüşçü), ikinci nümunədə tamamlığına (tənqidi), üçüncü cümlədə isə cümlənin xəbərinə (sənətdir) aiddir. Nümunələrdəki budaq cümlələr baş cümlədəki elə, o, elə bir qəlib sözlərini izah edir. Bəzən baş cümlədə qəlib söz işlənmir, lakin təsəvvür edilir. Məsələn: Bu dağlarda otlar, çiçəklər var ki, min bir dərdin dərmanıdır. (Bu dağlarda, elə çiçəklər var ki…). Adam var ki, adamların naxşıdır (Elə adam var ki…)

Təyin budaq cümləsi nadir hallarda baş cümləyə yalnız intonasiya ilə də bağlana bilir. Məsələn: Kitab var, ələ almaq istəmirsən. Adam var, heç nəyi xoşlamır.

Təyin budaq cümlələri tabeli mürəkkəb cümlələrdə bəzən budaq cümlə 1-ci gəlir və bu zaman budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanır.

Ardı ikinci səhifədə

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir