Ahəng qanunu

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur.

Sözdə qalın və ya incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.

Ahəmg qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ma-raq-lı-dır. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: də-niz-çi-lər. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur. (işıq, ilan, ilğım, inam, inanmaq, işıldamaq, iraq, ilxı, ildırım, ilıq, işartı, quzey, tikan va s. kimi sözlər istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: maneə, meyar, şüa, büro və s.

Qeyd: Əsli ahəng qanununa tabe olmayan bir sıra alınma sözlər dilimizə keçərkən dilimizin ahənginə uyğunlaşmışdır.Məsələn: aşikar – aşkar, aşpəz – aşpaz, bəhar – bahar, susən – süsən, faidə – fayda, yaşik – yeşik, rezina – rezin, vedro – vedrə, qazeta – qəzet və s.

Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab-da, təy-ya-rə+çi+lər və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm və dəyişməz olur. Köklə şəkilçi sözün morfologi quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayir. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfologi hadisədir. Ahəng qanununun tələbinə görə öz dilimizə məxsus şəkilçilər, əsasən, ya iki, ya da dörd cür yazılır.

Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.

 

Facebook Şərhləri

3 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir